İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
İSN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, bu məqsədlə fond “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncə şəhəri üzrə sahibkarlıq subyektlərindən 4 istiqamətdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Bunlar ixtisaslaşdırılmış yaşıl marketin yaradılması, müasir logistik mərkəzin yaradılması, müasir istixana kompleksinin yaradılması və kiçik plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılmasıdır.
Sahibkarlar qeyd olunan sahələr üzrə nümunəvi layihələri fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Naibə