13 Aprel 2019 20:40
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə iqtisadiyyatı mürəkkəb və riskli fazaya daxil olub. Ötən ili 2,6 faiz artımla başa vurandan sonra 2009-cu ildən sonra ilk dəfə bu il üçün tənəzzül müşahidə olunur. Belə ki, bu ilin yanvar ayında türk iqtisadiyyatında eniş 3 faiz təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondu Türkiyədə bu il üçün 2,5 faiz azalma, 2020-ci il üçün elə o qədər də böyüməni proqnozlaşdırır: "Bu o deməkdir ki, BVF-nin proqnozları doğru çıxsa yaxın 2 ildə Türkiyə iqtisadiyyatı böyüməyəcək. Hazırda iqtisadiyyatın ən böyük çətinliyi inflyasiya və dövlət borclarıdır. Ötən ay üçün qiymətlərin ümumi səviyyəsində 20 faiz artım qeyd olunub. Bələdiyyə seçkilərindən sonra türk lirəsi yenidən ucuzlaşmağa başlayıb, bu isə inflyasiya yaradan monetar amilləri xeyli ucuzlaşdırıb".

Qubad İbadoğlu hesab edir ki, Türkiyə ilə Rusiya arasında orta və uzaq mənzilli "C-400" zenit-raket komplekslərini almaq barədə razılaşmadan sonra ABŞ-la münasibətlərdə artan soyuqluq milli valyutaya təsirsiz ötüşmür: "Artıq 1 ABŞ dolları 5.77 türk lirəsinə satılır. Bələdiyyə seçkilərinə dair son qərarın gecikməsi də milli valyutanı təzyiq altında saxlayır.

Dövlət borclarına gəlincə ötən ilin oktyabrında azalan borclar yenidən artmağa başlayıb. Hazırda yalnız dövlət təminatlı borclar 112 milyard dollar təşkil edir. Türkiyənin iqtisadiyyatının və hərbisinin gücünün artımı Azərbaycanın maraqlarına uyğundur. Odur ki, Türkiyədə baş verənlər Azərbaycanda da narahatçılıqla izlənir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər