25 Sentyabr 2014 19:53
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda nar yığımına başlanılıb.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a bildiriblər ki, kəndlilər yetişdirdikləri narı topladıqdan sonra onun bir hissəsini bazara çıxarır, bir hissəsini isə şirə emalı müəssisələrinə satırlar.

Mütəxəssislərin qənaətinə görə, bu il bağlara göstərilən aqrotexniki qulluğun yüksək səviyyədə olması və havanın əlverişli keçməsi bol məhsul yetişdirilməsinə şərait yaradıb. Bu il nar bağlarında ötən ildəkindən daha çox məhsul vardır. Ən önəmlisi isə ağaclarda zədəli nar azlıq təşkil edir. Məhsul toplanışı dekabr ayınadək davam edəcək.

Göyçayda narçılığa maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması üçün tədbirlər görülür. Son iki ildə rayonda 420 hektar sahədə yeni nar bağı salınıb. Rayonda əsasən "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilir.

Ötən il rayonun fermerləri və fərdi təsərrüfat sahibləri 3560 hektar nar bağından 42 min 960 ton məhsul tədarük ediblər. İş adamları narın 40 faizini Rusiya, Ukrayna və Gürcüstanın bazarlarına çıxarıblar. İlkin hesablamalara görə, cari ildə nar istehsalı ötən ildəkindən çox, yəni 45 min tona yaxın məhsul olacaqdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 3560 hektardan artıq sahədə nar bağı mövcuddur ki, bunun 3300 hektarı barverəndir.


Müəllif:

Oxşar xəbərlər