Sevinc Həsənova: “Beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin qurumları ilə əməkdaşlığa xüsusi önəm verilir”
İqtisadiyyat və Sənaye Nazirliyinin, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə BMT və Azərbaycan arasında Tərəfdaşlıq Çərçivəsi Sənədi (UNAPF) ilə əlaqədar 2016-2020-ci illər üzrə növbəti tərəfdaşlıq strategiyasının prioritet sahələrinin Təsdiqetmə Konfransı keçirilib. Aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi konfransda BMT və Azərbaycan hökuməti arasında əməkdaşlıq üzrə prioritet sahələr və onların nəticələri müzakirə edilib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında bildirib ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin qurumları ilə əməkdaşlığa xüsusi önəm verir və 2014-cü il 12 iyun tarixində Bakıda keçirilmiş Birgə Strateji Prioritetləşdirmə Konfransından sonra 2016-2020-ci illəri əhatə edən UNAPF sənədinin hazırlanmasına başlanılıb. Sevinc Həsənova Azərbaycanda 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi üzrə milli məsləhətləşmələrin nəticəsində müəyyən edilmiş prioritetlərin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olduğunu qeyd edib, UNAPF çərçivəsində 2020-ci ilə qədər nəzərdə tutulan əməkdaşlığın İnkişaf Konsepsiyasının prioritetləri nəzərə alınmaqla hazırlandığını bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk keçirilən konfransın növbəti əməkdaşlıq çərçivə sənədinin əsas prioritetlərinin, eləcə də strateji nəticələrin müəyyənləşdirilməsinə töhfə verəcəyini bildirib və növbəti 5 il üçün strateji prioritetlərin dayanıqlı sosial-iqtisadi artım və həyat səviyyəsinin artırılması istiqamətində xüsusi əhəmiyyətini qeyd edib.
Naibə