1 Oktyabr 2014 10:41
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu Masallıda regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib

Sentyabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəl iilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,5 faiz artıb və 2014-cu ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq 174 134 sığorta olunana fərdi şəxsi hesab açılıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 865 491 nəfərə yüksəlib.

Sentyabrın 30-da Dövlət Sosial Müdafiə Fondunun Masallıda keçirdiyi “Sosial sığorta haqqı ödənişi gələcəyinizin təminatıdır” adlı “Açıq qapı günü”-vətəndaş forumunda bu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, DSMF-nin genişləndirilmiş informasiya kommunikasiya şəbəkəsi vasitəsilə hər bir sığortaolunana fərdi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanı yaradılıb ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə istiqamətlənib.

Regional forumda Masallı, Astara, Lənkəran, Yardımlı, Cəlilabad və Lerik rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

Tədbirdə çıxış edən DSMF-nin şöbə müdiri Elşən Məmmədəliyev uğurla həyata keçirilən islahatlar nəticəsində ölkədə iqtisadi və sosial həyatın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı inkişafa nail olunduğunu, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb. Bildirilib ki, beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulan sosial müdafiə sistemi vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin sürətli artımı ölkəmizdəki iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir. DSMF ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edən kateqoriyanın - 1 milyon 285 min nəfər pensiyaçının, 2 milyon 865 min nəfərdən çoxsığortaolunanın – sığorta-pensiya sistemində iştirakının müəyyən edilməsində mühüm rola malikdir.

Regional forumda bir məqam xüsusi diqqətə çatdırılıb ki, vətəndaşlar sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olmasını nəzərə alaraq, öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. Həmçinin, ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrdə, yəni 2006-cı ilin 1 yanvarınadək olan iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çunki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir.

DSMF-nin sektor müdiri Rüfət Oruclu tədbirdə təqdimatla çıxış edərək, sığorta-pensiya sisteminin xüsusiyyətlərindən, sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən bəhs edib. Qeyd edilib ki, Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq öz fərdi hesabı barədə məlumatala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər. Diqqətə çatdırılıb ki, pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən Fondun 190 çagrı mərkəzinə zəng vurub, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər.

Bundan əlavə, ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan “Pensiya+”xidməti, Fondun əhaliyə və sığortaedənlərə təqdim etdiyi çoxsaylı elektron xidmətlər barədə forum iştirakçılarına ətraflı məluma verilib.

Regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə edilib.


Müəllif:

Oxşar xəbərlər