İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunun Əmircan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
İSN-nin mətbuat xismətindən Teleqraf.com-a verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Layihələrə ixtisaslaşdırılmış “yaşıl market”in, fermer mağazalarının, müasir ət kəsimi müəssisəsinin, müasir istixana təsərrüfatının, zeytunçuluq təsərrüfatlarının yaradılması daxildir.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Naibə