ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 0-0,25% arasında sabit saxlayıb və bu qərar səs çoxluğu ilə qəbul olunub. Bildirilib ki, FED bu çətin dövrdə ABŞ iqtisadiyyatını dəstəkləmək üçün bütün vasitələrdən istifadə edəcək. Maraqlıdır, bu, dolların məzənnəsinə necə təsir edə bilər? Pandemiya dövründə iqtisadiyyatda nə kimi dəyişikliklərə səbəb olacaq?
Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu, gözlənildiyinə uyğun olaraq əvvəlki uçot dərəcəsi dəyişmədi:
"Bundan da aşağı uçot dərəcəsi mümkün deyil, onsuz da sıfır səviyyəsindədir. Bazara əlavə vəsaitin verilməsi ilə bağlı gözlənti vardı, amma o da olmadı. Nəzərdə tutulduğu kimi, indiki dövrdə təqribən 1,1 trliyon dollar, ümumillikdə ilin sonuna qədər 4 trilyon dollara yaxın əlavə liplit vəsaitin bazarlara verilməsi ilə bağlı qərar qüvvədə saxlandı. Amma FED rəhbərinin iclasdan sonrakı açıqlamaları optimist deyildi. Pandemiyanın Amerika iqtisadiyyatına çox böyük zərər vuracağı, ikinci rübdə ən böyük zərbələrin hiss olunacağı söylənildi".
FED-in dolların məzənnəsini ucuzlaşdırmağa çalışdığını deyən iqtisadçı bunun səbəbini ixracatı güclü olan ölkələrin milli valyutalarını yüksək tutmamağa çalışmasında görür: "Ölkələr həmişə çalışırlar ki, öz milli valyutaları çox baha olmasın, amma buna nail ola bilmirlər. Çünki bütün dünya pandemiya səbəbi ilə iqtisadiyyatın zəifləməsi dövrünü yaşayır. Bu kontekstdə dollar güvənli liman rolunu oynayır və investorların əksəriyyəti öz vəsaitini dollara çevirir.
Bu səbəbdən dollar hələ də dünyada güclənməkdə davam edir. Dünənki qərar güclənmə trendinin hələ bir müddət davam edəcəyini ortaya qoydu".
Artıq üç ilə yaxındır manatın məzənnəsinin dollar qarşısında sabit olduğunu deyən Natiq Cəfərli qeyd edib ki, bu sabitlik iqtisadi kateqoriyalarla qərarlaşmır: "Məzənnə Mərkəzi Bank və hökümətin inzibati qərarı ilə təyin edilir. Bizdə bazar alətləri olmadığı üçün məzənnə bazarda müəyyənləşmir. Bu, siyasi-inzibati qərar olduğuna görə məzənnə dəyişikliyi hökumətin və Mərkəzi Bankın siyasətindən asılı olacaq. Çünki hazırda məzənnənin hər hansı formada dəyişməsi daha ciddi sosial problemlər yarada bilər.
Ola bilər, ertələmə qərarı alınıb. Neftin qiymətlərinin indiki vəziyyətində manatı uzun müddət sabit saxlamaq problemə çevriləcək. Həm çətin, həm də mənasız olacaq. Çünki qonşu ölkələrdə də milli valyutaların dəyərdən düşməsi müşahidə olunur.
Sərhədlər açıldıqdan sonra bu vəziyyət idxalı stimullaşdıracaq. Ölkəyə mal gətirmək daha sərfəli olacaq, nəinki ölkədə istehsalın genişləndirilməsi. İxracatını gücləndirmək istəyən ölkələr çalışırlar ki, milli valyutaları çox güclü olmasın. O nöqteyi-nəzərdən düşünürəm ki, hər şey hökumətin verəcəyi qərardan asılıdır".