25 İyun 2020 11:27
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən və “Khazar” avtomobillərinin istehsalı ilə məşğul olan “Azərmaş” Avtomobil Zavodu fəaliyyətini hələ də bərpa etməyib.

Bu barədə Teleqraf.com-a “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov məlumat verib.

O bildirib ki, koronavirusla əlaqədar karantin rejimi elan olunandan sonra zavodun istehsalı dayanıb: “Aylardır istehsalın dayanmasına baxmayaraq, zavodda işçilərin hamısını saxlayırıq. Onların maaşları da şirkət tərəfindən ödənilir”.

Emin Axundov zavoda dəymiş ümumi zərərin hələ ki, hesablanmadığını da deyib: “Gözləyirik pandemiya dövrü bitsin, ondan sonra zərəri hesablayaq. Bu, bir az uzun çəkdi, indi zərəri hesablamaq çətin olacaq. Müddət başa çatmayana qədər heç bir rəqəmdən söhbət gedə bilməz. Biz sadəcə gözləmə mövqeyindəyik”.

O, istehsal müddətində olan avtomobillərin satışının çox zəif olduğunu deyib: “Vəziyyət hər yerdə necədirsə, bizdə də o cürdür. Satış həcmləri çox aşağı düşüb”.

“Khazar” avtomobillərinin istehsalının nə vaxt bərpa olunacağına gəlincə, Emin Axundov onlardan asılı olmayan məqamların olduğunu diqqətə çatdırıb: “Karantin müddəti dördüncü dəfə uzadıldı. Karantin dövrü bitən kimi biz zavodun fəaliyyətini bərpa edəcəyik”.

Emin Axundov Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı QAZ avtomobillərinin istehsalı zavodundakı tikinti işlərinin tamamilə bitdiyini də deyib: “Tikinti işləri yekunlaşmış zavoda avadanlıqlar quraşdırılmalıdır. Bunun üçün də xarici ölkələrdən mütəxəssislər gəlməlidir. Sərhədlər bağlı olduğu üçün xaricdən mütəxəssislər də gələ bilmir. Bu istiqamətdə də gözləmə mövqeyindəyik. Cari ildə zavod fəaliyyətə mütləq başlayacaq”.


Müəllif: Yeganə Oqtayqızı