23 İyul 2020 16:56
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sahib müəllim, Dövlət Məşğulluq Agentliyi tərəfindən açıqlanan hesabata görə, bu ilin 6 ayında 54 min 137 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Nəzərə alsaq ki, pandemiya dönəmində bir çox iş yerləri bağlanıb, ilk ağla gələn bu ərəfədə hansı iş yerlərinin açılması ilə bağlı sualdır...

- Hesabatla tanış oldum, bir az mücərrəd yazılıb. Amma ümumiyyətlə, Dövlət Məşğulluq Agentliyinin məlumatını səhv hesab etmirəm. Bu baxımdan ki, Azərbaycanda qeyri-formal əmək bazarı daha çox üstünlük təşkil edir, nəinki formal. Ölkəmizdə təxminən 5 milyona yaxın məşğul insan göstərilir. Onlardan 1,5 milyondan bir az çoxu yalnız əmək müqaviləsi ilə işləyənlərdir.

Pandemiya dövründə dövlət sahibkarlara yardımlar elədi, bu da qeyri-formal iş yerlərinin rəsmi səviyyəyə gətirilməsi ilə nəticələndi. Yəni özəl sektorda bağlanan əmək müqavilələrinin sayında artım dinamikası müşahidə olundu.

Əmək bazarını tərk edənlər əsasən qeyri-formal işçilərdi. Yəni əmək müqaviləsi olmayanlar, yaxud da əmək müqaviləsi olmalı olduğu halda mülki-hüquqi xarakterli (xidməti) müqavilə bağlayanlardır. Təbii ki, onlar əmək bazarı tərk ediblər. Ola bilməz ki, pandemiya dönəmində bütün dünyada işsizlik tüğyan edə, amma Azərbaycanda iş yerləri arta. Bu, mümkün deyil.

Amma əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində rəqəmdə bu qədər artımın olması mümkündür.

- Pandemiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) özünüməşğulluq proqramını reallaşdırmağa necə təsir göstərib?

- Pandemiya nazirliyin aktiv proqramlarını relallaşdırmağı bir az çətinləşdirib. Hesabatda göstərilir ki, həssas əhali qruplarından ibarət olmaqla 12 min nəfərin özünüməşğulluq proqramına cəlb olunması işləri aparılıb, onlardan artıq 3500 nəfər proqrama cəlb olunub. Bu rəqəm şübhə doğurmur. Çünki yerlərdə bu istiqamətdə işlər gedir, insanlar proqrama cəlb olunur və aktivlərlə təmin olunur. Yəni müxtəlif sahələrdə fəaliyyət göstərmək istəyən şəxslərə həmin istiqamətlər üzrə avadanlıqlar verilir.

Məlumata əsasən, ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, habelə 38,4 min nəfər peşə hazırlığına və peşəyönümü tədbirlərinə cəlb edilib. İnsanlar peşə hazırlığı kurslara cəlb edirlərkən həmin dövrdə onlara müəyyən ödənişlər də edirlər.

Hesabata görə, 16 rayon və şəhərdə keçirilən əmək yarmarkalarında 1150 nəfər işlə təmin olunub. Doğrusu, bu yarmarkalara həmişə formal baxmışam. Bir çox hallarda bu yarmarkalarda insanlara göndəriş verirlər. Amma sonra həmin şəxs ya işə götürəni təmin etmir, ya da işçi görür ki, məsafə uzaqdır, əməkhaqqı azdır, bu da onu qane etmir. Bu baxımdan bəzən işlə təmin olunma uğurla başa çatmır.

Məşğulluq mərkəzləri isə rəqəmləri bu göndərişlərə əsasən qeydə alır. Yəni göndərişin verilməsi hələ o demək deyil ki, şəxs işlə təmin olunub, məşğuldur.

- Bir çox vətəndaş 190 manatın verilməsi üçün nəzərdə tutulan kriteriyalardan narazı qalmışdı. Nazirlik imtina mesajları gələn şəxslərin diqqətdən kənarda olmadığını bildirmişdi. Belə ki, həmin şəxslərin ödənişli ictimai işlər və digər aktiv məşğulluq proqramlarına cəlb edilməsi təklif olunurdu. Lakin bu işlərdə çalışmaq istədiyinlərin sayı çox az idi. Bunun səbəbi nədir?

- 190 manatın verilməsi üçün qanunvericiliklə tənzimlənməyən şərait yaradıldı. Həmin kriteriyalara uyğun şəxslər qeydiyyatdan keçib bu yardımı ala bilərdilər. Məsələn, indiyə qədər heç iş axtarmayan, evdar olan adamlar da baxdılar ki, şərtlər uyğundur, 190 manat almaq üçün müraciət etdi. Müraciətlərin sayı müəyyən olunan 600 min nəfərlik həddi keçmişdi. Bundan sonra bəzi problemlər yarandı.

Qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan şəxsdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və digər məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər. İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilmədi. Bir sözlə, dövlətdən hansısa formada müavinət alan şəxslərə 190 manat şamil edilmədi.

Amma ailədə ər-arvad işləməyəndə, yaxud ailə üzvlərindən biri olmayanda (boşanma, ölüm) və yuxarıda qeyd olunan şərtlərdən heç biri yox idisə, 190 manat verilirdi.

Bu, birdəfəlik bir addım idi və burada səhvlər ola bilərdi. Çünki insanların yalnız elektron sistem üzərində bazadakı məlumatlarına baxırdılar. Tutaq ki, birinin evi var, amma başqasının adınadır, yaxud avtomobili var, etibarnamə ilə alıb, eləcə də hansısa gəlir sahəsi var, qeydiyyatdan keçməyib və ya şərikinin adınadır və s.

Belə şəxslər qeydiyyatdan keçib birdəfəlik yardımı alırdı, amma bunu elektron sistemdə yoxlamaq mümkün olmurdu. Ona görə bəzən subyektiv səbəblər də baş verirdi. Məsələn, kimsə 190 manatı alıb avtomobili ilə şəkilini çəkib paylaşırdı, biri qarpız sındırdı və s. Günah yenə də o insanların özlərində idi. Ehtiyacı olmayanların o pul üçün müraciət etmələri düzgün deyildi.

- Bəzən 190 manat birdəfəlik müavinətin işsizlərin sayının artmasına səbəb olduğu deyilir. Bu fikirlə razısızmı?

- Belə fikirləşmirəm. Pandemiya dönəmində bir çox yerlədə hərəkət dayandı. Rayonlardan gəlib daş karyerlərində, iri ticarət mərkəzlərində və digər sahələrdə çalışanlar işsiz qaldılar. Sərt karantində tikinti-təmir briqadalarının işləri də dayandı.

Operativ Qərargahın ötən brifinqində çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov dedi ki, ictimai işlərə cəlb olunmaq istəyən şəxslər üçün 20 mindən çox iş yeri mövcuddur. Təəssüf ki, bunun üçün müraciət edilmir. Onun əvəzinə 190 manat birdəfəlik ödəmə ilə kifayətlənilir.

Bunun bir neçə səbəbi var. Adətən, ictimai işlər kənd yerlərində yox, rayon mərkəzlərində və şəhərlərdə olur. Kənddən ictimai iş yerinə getmək istəyən şəxs bəzən 40 kilometr yol qət etməli olur. Bəzən bir neçə avtobus dəyişməli olur, bəzən taksi ilə gedir.

Hesablayır ki, onun gündəlik gedib rayonda işləyib evinə qayıtması 6-8 manata başa gəlir. İctimai işlərdə minimum əməkhaqqı həcmində, yəni 250 manat məvacib verilir. Hesablayanda ictimai işə gedən şəxsə 250 manatdan heç 40-50 manat qalmır. Yəni demək olmaz ki, 250 manatı pul saymırlar. Yaxınlıqda iş olmur ona görə çox adam belə işlərə getmir.

- Hazırda Azərbaycanda işsizlik səviyyəsi nə yerdədir?

- Azərbaycanda işsizliyin səviyyəsini ölçmək mümkün deyil. Əhalinin 65 faizə yaxını (6 milyon 200 min nəfər) əmək qabiliyyətlidir. Əmək müqaviləsi ilə işləyənlərin sayı 1,6 milyona çatmır. Bu, üçdə birdən də azdır. Bir qrup əhali mülki-hüquqi xarakterli (xidməti) müqavilə ilə işləyir. Ümumilikdə 2 milyon insanı tapmaq olur ki, o, haradasa işləyir.

Aqrar sektorda, mövsümü işlərdə, tikinti briqadalarında, yaxud da körpülərin altında durub əməklərini satanlar (indi onlar karantin qaydalarına görə dura bilmirlər) bu insanlar qeyri-formal işləyir və onları qeydiyyata almaq mümkün deyil. Azərbaycanda təxminən 3 milyon şəxsin harada məşğul olması barədə dövlətdə məlumat yoxdur.

- Problemin həll yolunu nədə görürsüz?

- Azərbaycanda obyektiv səbəblər də var. Bizdə əhalinin 64 faizi 40 yaşına çatmayanlardır, yəni hamısı əmək qabiliyyətlidir. Dünyada tək-tək ölkə tapılar ki, orada əhalinin az qala 65 faizi əmək qabiliyyətli olsun. Pandemiya dövründə təhlil apardım, İtaliyada yaşı 70-dən yuxarı olanlar əhalinin 22 faizini təşkil edir, Azərbaycanda isə 4 faizini.

Ölkəmizdə ənənəvi olaraq əhalinin təbii artımı yüksək olub, işsizlik səviyyəsi də ona uyğundur, yüksəkdir. Azərbaycanın 1 milyondan çox məcburi köçkünü var. Vəziyyət belə alınıb ki, hər kvadrat kilometrdə 142 nəfər adam yaşayır. Qonşu Rusiyada hər kvadrat kilometrə 8,5 nəfər, Qazaxıstanda 6,2 nəfər düşür. Azərbaycan əhalisi sıx yaşayır və cavandır, iş yerləri də çatmır. Bu, həmişə belə olub.

Bununla bağlı dövlətin tədbirləri var, məşğulluq strategiyası hazırlanıb, özünüməşğulluq proqramı həyata keçirilir. Yəni demək olmaz ki, bu istiqamətdə işlər aparılmır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər