İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 10-da sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Zərdab rayonunun Çallı kəndində keçirilib.
İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Zərdab və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Zərdab rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, çörək istehsalı, ət kəsimi və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, cins heyvandarlıq və bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8870 investisiya layihəsinin maliyyələşdirilməsinə 398,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zardab2zavodlarının, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz, ət və süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 31500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Zərdab və ətraf rayonlardan olan 56 sahibkara 18,7 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, əkinçilik, üzümçülük, süd emalı, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4233 sahibkara 240 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
İşgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.
Forum çərçivəsində Ucar rayonunun Alpout kəndində güzəştli kredit ayrılmış müasir quşçuluq təsərrüfatının fəaliyyətinə baxış keçirilmişdir. İllik istehsal gücü 9,5 min ton quş əti olan təsərrüfatda Hollandiya və Almaniyanın şirkətləri tərəfindən ən son texnologiyalar əsasında istehsal olunmuşavadanlıqlarla təchiz olunmuş 25 ədəd istehsal sahəsi, müasir kəsim fabriki və yem istehsalı zavodu tikilmişdir. Təsərrüfatda istehsal olunmuş quş ətinin daxili bazarla yanaşı, xarici bazarlara ixracı nəzərdə tutulur.
Naibə