17 Avqust 2020 22:58
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin yanvar-iyul aylarında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 37,7 faiz artıb.

Teleqraf.com Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu ilin 7 ayında Azərbaycana 50 milyon 957 min dollar (36,6% artım) dəyərində 10 min 300 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-iyul dövründə Azərbaycana 37 milyon 304 min dollar dəyərində 7 min 482 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Adətən qiymət yüksək olanda tələb azalır. Bu dövr ərzində kərə yağının qiymətlərində nəzərə çarpan endirim müşahidə olunmayıb.

Maraqlıdır, prosesə təsir edən əsas faktorlar nədir?

İqtisadçı-ekspert Akif Nəsirli Teleqraf.com-a açıqlamasında bildirib ki, prosesə təsir edən əsas amil bazarda yerli istehsalın azalmasıdır:

“İndiyə qədər həm rəsmi qeydiyyatdan keçmiş şirkətlər, həm də fermerlər kustar üsullarla nehrə aparatına ötürülmüş kərə yağı istehsalı ilə məşğul olurdu. Karantin rejimi ilə əlaqədar kustar formada istehsal olunan həmin məhsulların bazara çıxmasında ciddi problemlər yaşanır. Məlumdur ki, sərtləşdirilmiş karantin rejimi tətbiq edilən yerlər ölkə əhalisinin daha çox məskunlaşdığı ərazilərdir. Bu ərazilərdə olan fermerlər fərdi olaraq istehsal etdiyi məhsulları bazara çıxarıb sata bilmirlər. Tutaq ki, fermer fərdi avtomobilində Sabirabaddan Bakıya satmaq üçün 100 kiloqram yağ gətirir. Bu yağın aparılmasına dair rəsmi sənəd olmadığı üçün postdan buraxılmır. Nəticədə bazarda fermerlərin kustar üsulla hazırladığı yağın payı azalır”.

İqtisadçının müşahidələrinə əsasən, ölkədə ildən-ilə heyvandarlıqla məşğul olan əhalinin sayı azalır:

“Heyvandarlıqla müqayisədə hökumət daha çox əkin sahələrini stimullaşdırır. Xüsusən də pambıqçılığın inkişaf etdirilməsi heyvandarlıq üçün otlaq sahələrinin məhdudlaşmasına səbəb olur. Nəticədə otun qiyməti artır və fermer üçün heyvan saxlamaq səmərəli olmur. Ölkədə süd verən heyvanların sayında azalma var. Bununla yanaşı karantində fermerlərin əlində olan məhsulunu bazara çıxarılmasına qoyulan məhdudiyyət idxalın artmasına təkan verib”.

Akif Nəsirli xatırladıb ki, karantinin ilk dövrlərində banklar dollar satışını limitlə həyata keçirib:

“İdxalda əsas problem sahibkarın valyuta əldə etməsidir. Bu məhdudiyyət də prosesə mütləq təsir edib. Çünki sahibkarlar rəsmi qaydada valyuta ala bilmirsə, “qara bazar”a üz tutmalı olurlar ki, burada da dolların kursu bir qədər fərqli olur. Bu da idxal olunan məhsulların qiymətində özünü göstərir”.

Analitik deyir ki, Azərbaycanda satılan yağların keyfiyyəti istehlakçıları ciddi şəkildə narahat edir:

“Azərbaycanda yağ idxalçıları bəzən xaricdən gətirdiyi məhsulu ölkə daxilində yenidən emal mərhələsindən keçirdirlər. Onun tərkibinə ucuz yağları qatıb qiymətini sabit saxlaya bilirlər. Bu qatqılar daha çox palma yağları olur. Dünyada palma yağlarının qida məhsulu kimi istifadəsi qadağandır. İl ərzində Azərbaycanda 50 min ton palma yağı qida məhsulu kimi istifadə olunur ki, bu da əhalinin sağlamlığında ciddi problemlərin yaranmasına səbəb olur. Çünki palma yağının tərkibinin böyük hissəsi trans yağ hesab olunur. Aparılan araşdırmalarda da, Azərbaycanda satılan brend yağların tərkibində trans yağlarının qarışı aşkarlanır. Bu istehsalçının səhvi deyil, onu yerli idxalçılar Azərbaycanda təkrar emal edərkən qatır. Bu çox ciddi problemdir. Hesab edirəm ki, karantin dövründə Bakıya və digər şəhərlərə məhsul daşıyan qeyri-rəsmi fermerlərə də şərait yaradılmalıdır. Ən azı həmin fermerlərdən yaşadıqları ərazi üzrə nümayəndəlikdən arayış alıb öz məhsullarını bazarlarda satmaq tələb oluna bilər. Həmin arayışla fermerləri karantin zonalarına buraxmaq olar”.

Akif Nəsirlinin qənaətincə, Azərbaycan ildən-ilə kənd təsərrüfatı məhsullarına olan tələbatının böyük hissəsini idxal hesabına ödəyir:

“Kənd təsərrüfatı məhsullarına olan tələbata görə, xarici iqtisadiyyatdan asılı vəziyyətə düşmüşük. Pandemiya dönəmində dünyada ən az zərər çəkən sahə kənd təsərrüfatı oldu. Amma Azərbaycanda bunun əksi baş verdi. Ölkədə tək kərə yağının yox, ət, meyvə-tərəvəz, süd, toyuq, şəkər tozu və digər kənd təsərrüfatı məhsullarının da idxalında artım var. Dünya inkişaf etdikcə onun problemləri də inkişaf edir. Elə bir fors-major hal yaranar ki, xaricdən məhsul idxal edə bilmərik. Ona görə də Azərbaycan iqtisadiyyatının şəxaləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Burada kənd təsərrüfatı əsas hədəf seçilməlidir. Ölkəyə lazım olan valyutanı onsuz da neft gətirir. Pambığın valyuta gətirməsi o qədər də vacib deyil. Kənd təsərrüfatını tütünçülükdən, pambıqçılıqdan və digər sahələrdən xilas etməliyik. Heyvandarlığı pambıqçılığa qurban verə bilmərik. Vacib olan vətəndaşların tələbatının yerli məhsullar hesabına ödənilməsidir”.


Müəllif: Yeganə Oqtayqızı