İlin əvvəlindən bu yana ABŞ dolları avroya nisbətən təxminən 10 faiz, yapon yeni ilə müqayisədə 3-4 faiz ucuzlaşıb. Ekspertlər bunu kəskin böhran şəraitində valyuta bazarının olduqca qeyri-adi davranış kimi qiymətləndirib.
İqtisadçı-ekspert Elman Sadıqov Teleqraf.com-a bildirib ki, dünyada dolların ucuzlaşması neft-qaz ixrac edən resurs ölkələrin valyutalarına nisbətən fərqlidir:
“Çünki bu valyutalar daha çox mərkəzi banklar tərəfindən tənzimlənir. Amma sərbəst dönərli valyutalarda məsələ bir qədər fərqlidir. Burada iqtisadiyyatdakı göstəricilər, dünyadakı böhran və digər amillər rol oynayır.
2020-ci ildə avro 1.08-dən 1.20-yə qədər bahalaşanda proqnozlar səsləndirilirdi ki, üçüncü rübə qədər avro 1.30 ABŞ dollarına qədər qalxacaq. Mən isə avronun ehtimalın o qədər də inandırıcı olmadığını demişdim. Bunun əsas səbəblərindən biri budur ki, avro 1.20-dən yuxarı qalxandan sonra Avropa iqtisadiyyatına zərər vurmağa başlayır. Çünki Avropa iqtisadiyyatı ixrac yönümlüdür, ixracın özəyini təşkil edən ölkə isə Almaniyadır. Almaniyada da ən çox avtomobil və digər ağır sənaye məhsulları ixrac edir.
Avro 1.25 həddini keçdikdə Avropanın ixracı kəskini şəkildə zəifləyir. Çünki güclü avro Avropa ölkələrinə imkan vermir ki, onların məhsulları digər ölkələrinin məhsullarına nisbətən rəqabətə davamlı olsun. Buna görə də dollar nə qədər zəifləsə də, avronun 1.25-dən yuxarı həddə qalacağı inandırıcı deyil. Çünki Avropa Mərkəzi Bankı (AMB) özü buna icazə verməyəcək. Əgər avroda kəskin bahalaşma olarsa, AMB bazara müdaxilə edərək məzənnəni aşağı salmağa çalışacaq”.
Analitik deyir ki, avro dünyada ikinci rezerv valyuta sayılır: “Avro dollardan hər zaman baha olub. Amma Avropa İttifaqı bahalı avronun bədəlini ödəyə bilmədi. Yəni, avro bahalı olduqda Avropanın istehsal və ixrac etdiyi məhsullar rəqabətdə uduzur.
Avropa İttifaqının yazılmamış qanunları var. Onlar hesab edirlər ki, avronun qırmızı xətti 1.25 dollardır. Tarixən avro bu qırmızı xətti keçəndə Avropa İttifaqı ölkələri ixracla bağlı ciddi problemlə üzləşiblər. Çünki əvvəlki dövrlə müqayisədə daha az məhsul ixrac etməyə başlayıblar ki, bu da onların ticarət balansında özünü göstərib”.
İqtisadçı onu da vurğulayıb ki, Avropa Mərkəzi Bankna görə, avro təhlükəli həddə qədər bahalaşmayıb: “Əgər avro təhlükəli həddə qədər bahalaşarsa, AMB bir tədbir görəcək. Hesab edirəm ki, avro ən yaxşı halda 1.25 dollara qalxsa da, orada da uzun müddət qalmayacaq. Çünki AMB tədbirlər görərək avronun məzənnəsini aşağı salacaq. Hətta ABŞ prezidenti Donald Tramp da bu məsələyə görə AMB-na öz etirazını bildirmişdi ki, onlar düzgün olmayan üsullarla öz valyutalarını ucuzlaşdırırlar. Bu da azad ticarətin qaydalarını pozmaq deməkdir”.
Elman Sadıqov qənaətincə, Amerikanın ən böyük məqsədlərindən biri dolların zəifləməsidir: “Amma Amerika nə qədər çalışsa da, son 2-3 ildir dolların zəifləməsi baş vermir. Hətta pandemiya dövründə belə, investorlar dollar almağa başladı. Çünki dollar güvənli limandır, nə olur-olsun, Amerika iqtisadiyyatına inam azalmır. ABŞ iqtisadiyyatı yeganə iqtisadiyyatdır ki, ciddi böhran baş verərsə, dünyanın maliyyə sistemi çökə bilər.
Digər ölkələrdə hər hansı böhran baş versə belə, dünyanın maliyyə sistemi çökməz. Çünki ABŞ-ın və digər ölkələrin həmin iqtisadiyyatı xilas etməyə gücü çatar. Amerika çökərsə, digər iqtisadiyyatların ABŞ iqtisadiyyatını qurtarmağa gücü çatmaz”.
Mütəxəssisin müşahidələrinə görə, Yaponiya iqtisadiyyatında uzunmüddətli durğunluq davam edir: “Yaponiya dünyanın ən böyük valyuta ehtiyatlarına malik olan üç ölkəsindən biridir. Yaponiyanın 1 trilyon dollardan yuxarı valyuta ehtiyatları var. Buna görə də yapon yeni dəyər qazanmağa başladıqda Yaponiya Mərkəzi Bankı bazara rahat intervensiya edərək yenin qiymətini aşağı salır. Çünki bahalı yen dünyada yapon mallarının qiymətini artırır və nəticədə ölkənin ixracı azalır.
Əslində dünyada “valyuta müharibə”si dedikdə, bu məsələlər nəzərdə tutulur. Xüsusilə ixrac əsaslı iqtisadiyyatlar öz valyutalarını maksimum şəkildə ucuzlaşdırmağa çalışırlar ki, onların malları rəqabətə davamlı olsun. Pandemiyadan sonra “valyuta müharibə”ləri daha da qızışacaq. Hər bir ölkə çalışacaq ki, başqa ölkələrin valyutaların bahalaşması ilə bağlı bazara şayiələr buraxsın”.