Türkiyənin Qara dənizə aid Sakarya hövzəsindəki Tuna-1 quyusunda aşkar edilmiş təbii qazın 2023-cü ildə ixrac ediləcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, açılması planlaşdırılan 30 quyu ilə 2026-cı ildən etibarən ildə 15 milyard kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.
2020-ci ilin ilk yarısına nəzər saldıqda təbii qaz idxal mənzərəsində kəskin dəyişikliklər baş verib. Türkiyə bu ilin ilk yarısında ən çox təbii qazı 5 milyard 444 milyon 99 min kubmetr olmaqla Azərbaycandan idxal edib. Azərbaycandan alınan qazın miqdarı keçən ilə nisbətən 23,4 faiz artıb.
Ötən il Türkiyəyə qaz idxal edən ölkələrin siyahısında ilk sıranı Rusiya tuturdu. Rusiyadan idxal olunan qazın həcmi 41,5 faiz azalaraq 4 milyard 678 milyon 66 min kubmetrə düşüb. Eyni dövrdə İrandan alınan təbii qazın həcmi də 46 faiz azalaraq 2 milyard 29 milyon kubmetr səviyyəsinə çatıb.
Boru kəmərləri ilə nəql olunan təbii qazla yanaşı Türkiyənin mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 44,8 faiz artım göstərib. Türkiyə LNG-ni əsasən Əlcəzair, Qətər, ABŞ, Nigeriya, Ekvatorial Qvineya, Kamerun, Misir, Norveç və İspaniyadan idxal edir.
Qara dənizdə kəşf edilən və 2023-cü ildə sahilə çıxarılması gözlənilən qaz ehtiyatları Türkiyənin təbii qaz müqavilələrini yeniləyəcəyini deməyə əsas verir.
Gözlənilən ilk addım İrandan gəlib. İran Milli Qaz Şirkətinin (NIGC) Türkiyə ilə 2001-ci ildə imzaladığı müqavilə 2025-ci ildə sona çatacaq. İran 2025-ci ildən sonra qaz tədarükü müqaviləsinin uzadılması təklifini Türkiyəyə çatdırıb. İran Milli Qaz Şirkətinin nümayəndəsi Həsən Müntəzir Torbaçi İran və Türkiyənin qaz ixracatı müqaviləsinin uzadılması üçün ciddi danışıqlara başlaya biləcəklərinə ümid etdiklərini deyib.
Qeyd edək ki, İran 2001-ci ildə imzalanan 25 illik tədarük müqaviləsi çərçivəsində Türkiyəyə ildə təxminən 10 milyard kubmetr qaz satır.