“İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı ilə bağlı fəal müzakirələr gedir və çoxsaylı analizlər görmək mümkündür. Rəsmi statistikada məlumatın qıt olması səbəbindən müstəqil ekspertlər üçün hərtərəfli analiz hələlik çətindir. Bu bölgələrdə təbii ehtiyatlar var, lakin həmin ehtiyatların iqtisadiyyatımız üçün yüksək həcmdə əlavə dəyər yaradacağı ilə bağlı gözləntilər real hesablamalara əsaslanmır”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.
O bildirib ki, hazırda Azərbaycanda təbii ehtiyatlara əsaslanan mədən sənayesinin yaratdığı əlavə dəyərin 95%-ni neft-qaz sektoru təmin edir: “Qiymətli və digər növ metalların yaratdığı əlavə dəyərin illik həcmi heç 100 milyon manatı da keçmir. Yəni mövcud ÜDM-nin 0.12%-i qədər. Kəlbəcər və Zəngilan qiymətli metal istismarı baxımından Gədəbəy və Daşkəsənin mədən sənayesindən daha böyük potensiala malik olsa belə, bu yeni iqtisadi dövriyyəyə qoşulmuş ərazilərimizin sahəsi və əhalisi baxımından yenə də böyük məbləğ deyil”.
Analitik hesab edir ki, bu bölgələrin ən böyük potensialı əgər doğru təşkil edilərsə, turizmlə bağlı olacaq: “Tibbi turizm üçün unikal imkanlar var. Eyni dərəcədə tarixi və istirahət turizmi üçün də. Çəkinmədən deyirəm ki, bu bölgələrin turizm gəlirləri indiyədək bütün Azərbaycanın əldə etdiyi turizm qazanclarından çox ola bilər - söhbət ən azı 1.5 milyard dollardan gedir”.
Rövşən Ağayev aqrar sektorun potensialının da böyük olduğunu vurğulayıb: “7 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 535 min hektar təşkil edir. Ağdam, Füzuli və Cəbrayıl əsasən bitkiçilik üçün əlverişlidir. Bu 3 rayonun kənd təsərrüfatına yararlı torapaqlarının ümumi sahəsi 290 min hektar təşkil edir ki, ondan da təxminən üçdə ikisi əkinə yararlıdır. Yerdə qalanı örüş və biçənək torpaqları.
Zəngilan və Qubadlı həm əkinçilik, həm də heyvandarlığın inkişafı üçün imkanlara malikdir. Bu 2 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 67 min hektardır ki, ondan təxminən üçdə biri əkinə yararlı, yerdə qalanı örüş və biçənək əraziləridir.
Kəlbəcər və Laçının kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 180 min hektar təşkil edir ki, ondan ən yaxşı halda 15%-i əkinə yararlıdır. Bu 2 rayonun torpaqları əsasən heyvandarlıq üçün əlverişlidir. 7 rayonun bazasında hesablasaq, kənd təsərrüfatına yararlı torpaqların yarısından çoxu heyvandarlıq üçün əlverişlidir.
Deməli, digər potensial sahə kimi aqrar sektora əsaslanan emal sənayesinin qurulması perspektivləri var.
Azərbaycan kərə yağ idxalının 50%-ni, ət və ət məhsularının 15%-ə qədərini xaricdən alır. Bu asılılıqdan qurtarmaq mümkündür. Əlavə olaraq, ixrac yönümlü emal edilmiş (konservləşdirilmiş) ət məhsullarının emalının təşkili perspektivlərini araşdırmaq mümkündür”.