5 Dekabr 2020 15:47
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“OPEC+ və OPEC ölkələrinin nazirləri sonuncu görüşdə 2020-ci ilin mart ayında buraxdıqları səhvi təkrarlamadılar”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Elman Sadıqov deyib.

İqtisadçı qeyd edib ki, təşkilat üzvləri daha rasional mövqe göstərərək risk eləməyin nə dərəcədə acı nəticələr verə biləcəyini nümayiş etdirdilər:

“Öncəki qərara əsasən, 2021-ci ilin yanvar ayından etibarən gündəlik hasilat 1.9 milyon barel artırılmalı idi. Yəni, gündəlik hasilat kəsintisi 7.7 milyon bareldən 5.8 milyon barelə qədər azaldılmalı olduğu halda, gündəlik hasilatı cəmi 500 min barel artırdılar. Başqa sözlə, gündəlik hasilat kəsintisi 5.8 milyon barel deyil, 7.2 milyon barel olacaq.

Əvvəlki proqnozumda 2 milyon barel məsələsinin həlledici amil olacağını, müzakirələrin qızğın gedəcəyini, amma pandemiya şəraitini nəzərə alaraq 2 milyon barelə yaxın hasilat artımının riskli ola biləcəyini bildirmişdim. Bu səbəbdən qeyd etmişdim ki, ən yaxşı halda 1 milyon barel hasilat azalması (900 min barel gündəlik artım) daha məqbul olacaq. Bu isə OPEC+ ölkələrinin bazara nəzarət üçün daha operativ davranacaqlarına imkan verir.

OPEC+ ölkələri isə gündəlik hasilat artımını 500 min barel olaraq təyin etdi və bazara operativ nəzarət üçün hər ay iclas keçirərək vəziyyəti müzakirə etmək, lazım olarsa, operativ şəkildə bazara müdaxilə etməyi qərara aldı. Nəticədə hasilatın artırılması faktiki olaraq, öncə qəbul edilən qərarın cəmi 25 faizi həcmində, ən yaxşı gözləntilər isə 50 faizi həcmində oldu. Bu, nəticə etibarı ilə Brent markalı neftin 50 dollara çatması ilə nəticələndi”.

Elman Sadıqovun qənaətincə, OPEC+ dövlətləri peyvənd amilinə maliyyə bazarları kimi çox pozitiv yanaşmırlar: “Ehtiyatlı mövqe tutdular, hər hansı müsbət dəyişiklik və iqtisadi aktivliyin gecikmə amilini də nəzərə aldılar. OPEC+ dövlətləri həm də alternativ enerji məsələlərinin yenidən aktuallaşması, bu sahəyə trilyon dollarlıq investisiyaların neft bazarına təsirlərini də diqqətə alıb riskə yol vermədilər.

Sevindirici haldır ki, OPEC+ ölkələri bu dəfə daha fərqli və dinamik, soyuq başla, iqtisadi gerçəkliyi və şəraiti nəzərə almaqla qərarlar qəbul etdilər. Bu isə bizə 2021-ci il ərzində neft qiymətlərinin 2020-ci ilə nisbətən daha az volatil, gündəlik orta qiymətin 2020-ci ilə nisbətən daha yüksək olacağını proqnozlaşdırmağa əsas verir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər