“2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat nəzərdə tutulur, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 % çoxdur. 2021-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirləri 11,851 milyard manat proqnozlaşdırılır. Məlumata görə, gəlirlərin 48,7%-ni və yaxud 5 674 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 33,5%-ni və yaxud 3 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 7,6%-ni və yaxud 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 %-ni və ya 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar, 8,1%-ni və yaxud 947 milyon manatını isə digər gəlirlər təşkil edəcək. Bu, proqnozdur, həyata keçməsi üçün iqtisadi aktivlik də bərpa olunmalıdır. Bu isə çox çətin məsələdir”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli 2021-ci il dövlət büdcəsinin layihəsini şərh edərkən deyib.
O bildirib ki, Neft Fondundan büdcəyə transfert dəyişmir: “Həmin rəqəm 2020-ci ilin avqust büdcə düzəlişlərində nə qədər idisə, o qədər də qalır – 12 milyard 200 milyon manat. Deməli, büdcənin neftdən asılılığı azalmır, bundan ötrü ciddi institusional addımlar atılmır.
Büdcə kəsrinin həcmini və başqa dolayı parametrləri nəzərə alsaq, 2021-ci il büdcəsindən devalvasiya “qoxusu” gəlir. Ola bilər ki, bu addımı bu il yox, gələn ilin fevral-mart aylarında atsınlar”.
İqtisadçı dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün 2,2 milyard manat vəsaitin ayrılacağına da diqqət çəkib: “Az məbləğ deyil, ictimai nəzarət, şəffaflıq olsa, xeyli iş görmək olar.
2021-ci ildə Azərbaycan büdcədən 2,2 milyard manat ayırıb xarici borc (o cümlədən 466,27 milyon manatı faiz ödənişləri) qaytaracaq. Gələn il büdcə kəsrinin bir hissəsini maliyyələşdirmək üçün Azərbaycan 2 milyard manatlıq dövlət istiqrazı yerləşdirməyi planlaşdırır – bu da elə əlavə borclanma deməkdir”.