Sovet İttifaqının dağılmasından sonra ilk seçimləri Rusiya olan mühacirlər indi pul qazanmaq üçün Avropaya getməyi üstün tuturlar. Sabit iqtisadi böyüməni davam etdirməkdə çətinlik çəkən Rusiya keçmiş sovet coğrafiyasında pul qazanmaq imkanı axtaran mühacirlər üçün cazibə mərkəzi xüsusiyyətini itirir.
Teleqraf.com Rusiya Federal Statistika İnstitutunun məlumatına istinadla xəbər verir ki, Rusiyaya köçənlərin sayı 2020-ci ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrünə nisbətən 58 faiz azalaraq 69 minə çatıb.
Rusiya Dövlət İdarəetmə və Xalq Təsərrüfatı Akademiyasının hazırladığı "Sosial-İqtisadi İnkişaf tendensiyaları və çağırışları" hesabatında Rusiyada çalışan miqrant sayının 2014-cü ildən bəri azaldığını üzə çıxarır.
Hesabata görə, 2014-cü ildən bu yana Rusiyaya gələn beynəlxalq miqrantların sayı 565-600 min arasında sabitləşib. Rusiyadan çıxan mühacirlərin sayı 2014-cü illə müqayisədə 2018-ci ildə 43 faiz artaraq 441 minə çatıb.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə hər il orta hesabla 10 milyon mühacir olduğu halda, bu il 6 milyon immiqrant var. Bu immiqrantlardan yalnız 1 milyonunun daimi və ya müvəqqəti yaşayış icazəsi var.
Krımın ilhaqı səbəbindən Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalar və neft qiymətlərinin kəskin düşməsilə maliyyə böhranı yaşayan Rusiya iqtisadiyyatı 2015-ci ildə 3,7 faiz azalıb. Zəifləmənin əsas səbəblərindən biri də 2014-cü ildə Rusiya rublunun ucuzlaşması olub.
Hesabatda qeyd olunur ki, keçmiş sovet ölkələrindəki mühacirlər indi Rusiya əvəzinə Avropa İttifaqı (Aİ) ölkələrinə üstünlük verirlər.
Rusiya hökumətinin keçən il ölkəyə 2025-ci ilə qədər 10 milyon rus dilli immiqrant cəlb etmək üçün plan başlatsa da, bu cəhdi hələlik nəticəsiz qalır. Digər tərəfdən, Rusiyaya miqrasiyanın azalmasına səbəb olan digər bir amil də koronavirus epidemiyasıdır. Karantin dövründə müəssisələrin və sərhədlərin bağlanması əmək miqrantlarının ölkədən çıxışını sürətləndirdi və ölkəyə girişi məhdudlaşdırdı.
Rusiyaya azalan immiqrant axını və ölkənin uzun müddətdir davam edən aşağı doğum nisbəti yeni bir demoqrafik problem yarada bilər.
Prezident Vladimir Putin 2018-ci ildə Rusiyanın aşağı doğum nisbətindən əziyyət çəkməyə davam etdiyini açıqlamışdı.
Rusiya Əmək və Sosial Müdafiə nazirinin müavini Olqa Batalina dekabrın 3-də ölkə əhalisinin bu ilin yanvar-sentyabr aylarında azalmağa davam etdiyini bildirib.
Mühacirlər Rusiyada əhali artımında əhəmiyyətli paya sahibdir. Son 25 ildə ölkə əhalisi 5.2 milyon azalıb, immiqrant olmadığı təqdirdə bu rəqəmin 13.2 milyona çatacağı proqnazlaşıdırlır.