6 Yanvar 2021 13:21
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən Füzulidə beynəlxalq aeroport tikiləcəyini bildirib. Prezidentin sözlərinə görə, artıq göstəriş verilib, yerlər seçilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Teleqraf.com-a Füzulidə tikiləməsi nəzərdə tutulan beynəlxalq hava limanının gələcək iqtisadi səmərəsini şərh edib.

Deputat bildirib ki, işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda həmin ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat və logistik xidmətlərin təklif edilməsi prioritet məsələlərdəndir: “Füzuli rayonunda beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad olunan ərazilərimizin inkişafı baxımından vacib layihələrdən hesab olunur. Əvvəla bu, xüsusən Yuxarı Qarabağ, eləcə də işğaldan azad olunan digər rayon və şəhərlərə xarici turistlərin gəlməsi baxımından əlverişlidir, yeni imkanlar açacaq.

Hesab edirəm ki, Qarabağın incisi və Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çox olacaq. Füzulidə beynəlxalq hava limanının istifadəyə verilməsi həmin turistlərin daha sərfəli və qısa yolla birbaşa işğaldan azad olunan ərazilərə səfərini təmin edəcək. Bu layihə Qarabağa və bütövlükdə Azərbaycana gələn turistlərin sayına müsbət təsir göstərəcək. Bir sözlə, ölkəmizə daha çox turist axınına imkan yaradacaq”.

Vüqar Bayramov deyib ki, yeni inşa olunacaq aeroport beynəlxalq yükdaşımalar baxımından da vacib hesab olunur: “Nəzərə alaq ki, işğaldan azad olunan ərazilərdə sənaye potensialı çox yüksəkdir. Hava limanı həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarlarına çıxarılmasına və bütövlükdə regionun ixrac imkanın genişləndirilməsi baxımından da vacib hesab olunur.

Onu da qeyd edim ki, Füzuli rayonu Yuxarı Qarabağa gedən qovşağın üzərindədir. Çox yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edildikdən sonra aeroport həm də nəqliyyat qovşağı olaraq daha böyük əhəmiyyətə malik olacaq. Naxçıvan dəhlizi istifadəyə verildikdən sonra həmin koridorun beynəlxalq nəqliyyata, o cümlədən şimal-cənub nəqliyyat dəhlizlərinə inteqrasiyası müzakirə edilən məsələlərdəndir.

Bu hava limanı Naxçıvanla Azərbaycanın qərb bölgələrini birləşdirəcək koridorun daha səmərəli və daha rentabelli istifadəsinə imkan verəcək. Aeroportun inşası və yaxın gələcəkdə istifadəyə verilməsi regionun inkişafı baxımından əhəmiyyətli hesab olunmaqla yanaşı, həm də həmin bölgəmizin qeyri-neft ixracatının artmasına səbəb olacaq”.


Müəllif: Yeganə Oqtayqızı