7 Yanvar 2021 22:27
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan neftinin qiyməti 55 dollara yaxınlaşır. Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 54,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel çoxdur.

Maraqlıdır, neft qiymətinin artımı hansı amillərə söykənir?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, qiymət artımı OPEC Nazirlər Şurasının son iclasında fevral və mart aylarında müəyyən edilmiş hasilat tavanına uyğun qəbul etdiyi qərarla bağlıdır: “Məlumdur ki, Rusiya və Qazaxıstan istisna olmaqla digər alyans iştirakçıları hasilat kəsintilərini mart ayının sonun qədər qüvvədə saxlamağı qərara aldılar. Eyni zamanda Səudiyyə Ərəbistanı könüllü olaraq fevral-mart aylarında gündəlik 1 milyon barel hasilat kəsintisinə gedəcək. Təbii ki, bu addım neft bazarlarında qiymət artımına bir az da təkan verdi, həmçinin bazarın tənzimlənməsi və neftin qiymətinin artması ilə bağlı yaranmış ictimai rəyin qazanmasına kömək etdi.

OPEC ölkələrinin nazirlərinin son iclası ərəfəsində fikir ayrılıqları barədə müxtəlif informasiyalar sızırdı. Qazaxıstan və Rusiya mərhələli şəkildə neft hasilatının artırılmasını tələb edirdilər. Ona görə bazar bu mövqelərə əks reaksiya verirdi və neftin qiymətində müəyyən təhlükələr mövcud idi. Amma OPEC daxilində müttəfiq dövlətlər Səudiyyə Ərəbistanının mövqeyində dayandılar”.

Ekspertin fikrincə, qısa müddətli perspektivdə neft bazarlarını gözləyən mümkün təhlükənin təhlili göstərirdi ki, OPEC və müttəfiq dövlətlər birliyi mütləq qoruyub saxlamalıdır: “Dəyişən bazar şərtlərinə, xüsusən də qısamüddətli iqtisadi zəifliyə və zəif neft tələbinə uyğun qərarlar qəbul etmək lazım idi. Artıq bu qərarlar qəbul edilib. Bundan sonra neft bazarlarında müəyyən dinamika müşahidə ediləcək”.

Zəfər Vəliyevin sözlərinə görə, pandemiyadan əvvəl dünyada gündəlik neftə olan tələbat 90.9 milyon barel olub:

“Hazırkı proqnozlara görə, 2021-ci il ərzində dünyada neftə olan tələbatın 5.6-6 milyon barel artacaq. Başqa sözlə, əgər pandemiya ərəfəsində, yəni 2020-ci ildə neftə olan tələbat 91 milyon barel civarında idisə, cari ildə bu tələbat 96.5-97 milyon barel civarında olacaq. Bu göstərici onu deməyə əsas verir ki, bazarda mütləq tənzimləyici tədbirlərin görülməsinə ehtiyac var.

Pandemiyadan əvvəl dünyanın gündəlik benzinə olan tələbatı isə 47 milyon bareldən yuxarı idi. Əgər peyvənd kampaniyası uğurla davam edəcəksə, bu ilin ikinci yarısında bazarda benzinə olan tələbat ötən ilin analoji dövrü ilə müqayisədə artacaq.

Həmçinin Aralıq dənizi regionunda yüngül neftə tələbat da artacaq. Bu baxımdan qarşıdakı aylarda Azərbaycan neftinə tələbat artmaqda davam edəcək. Yalnız Azərbaycan nefti son 2 ayda həm Aralıq dənizi, həm də Asiya-Sakit okean enerji bazarlarında premiya ilə satılır. Yəni həm Asiya, həm də Avropa bazarlarında fəaliyyətdə olan neft emalı zavodlarında Azərbaycan nefti ilə rəqabət aparan ikinci bir dövlət olmayacaq. Pandemiyanın təsirlərin aradan qaldırılması, iqtisadi əlaqələrin bərpa olunması, eyni zamanda nəqliyyat sıxlığının artırması Azərbaycan neftinə tələbatı da gücləndirəcək”.

Analitik hesab edir ki, OPEC və müttəfiq dövlətlər pandemiya dövründə neft sektorunun investisiya üçün qeyri-sabit olmaq təhlükəsini aradan qaldırıb: “Dünyanın 160-dan yuxarı dövləti karbonsuz texnologiyaların intensiv inkişafı ilə bağlı xüsusi strategiya müəyyən edib. Dövlət proqramları çərçivəsində ənənəvi enerji mənbələrindən alternativ və bərpaolunan enerji mənbələrinə keçid müşahidə olunmaqdadır. Belə olan halda dünyanın enerji balansında neft və neft məhsullarının yerini və rolunu artırmaq üçün OPEC və qeyri-OPEC dövlətlərinin bazarın tənzimlənməsi çərçivəsində birgə fəaliyyət göstərmələri vacibdir”.

Qiymətin hansı həddə qədər artmasına gəlincə, ekspert qeyd edib ki, uzunmüddətli proqnoz vermək çətindir: “Bazarın tənzimlənməsində hələ də ciddi problemlər var. Hazırda stasionar anbarlarda kifayət qədər neft ehtiyatları var. Statistik göstəricələrə görə, ABŞ-da gündəlik neft ixracı 3.6 milyon bareldən, gündəlik neft məhsullarının ixracı isə 4 milyon bareldən yuxarıdır.

Son bir həftədə təkcə ABŞ-ın xam neft və neft məhsullarının gündəlik ixracı 8 milyon barelə çatmaq üzrədir. Neft bazarlarında ağırlıq mərkəzini qoruyub saxlamaq üçün mütləq iştirakçı dövlətlər tərəfindən bazarın tənzimlənməsinə ehtiyac var. Əgər bazarda balans formalaşarsa, ilin sonun kimi neftin qiyməti 60 dolları keçə bilər. Dünyanın aparıcı bankları, investisiya fondları və enerji bazarlarını araşdıran beyin mərkəzlərinin verdiyi proqnozlara görə, bu il neftin orta qiyməti 55 dollardan yuxarı olmalıdır. Bu isə həm istehlakçı, həm də neft idxal edən dövlətlər üçün indiki şərtlər fonunda qaneedici qiymətdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər