“737 Max” təyyarəsi ilə problem yaşayan ABŞ təyyarə istehsalçısı “Boeing” şirkətinin məhkəmə prosesi yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, şirkət cərimə kimi ABŞ Ədliyyə Nazirliyinə 244 milyon dollar, təzminat kimi isə müştərilərə 1,77 milyard dollar və təyyarə qəzası qurbanları fonduna 500 milyon dollar ödəyəcək.
Şirkətin səlahiyyətlilərdən məlumat gizlətdiyi və “737 Max” təyyarəsinin qəzaları ilə əlaqədar açılan məhkəmə iddialarında uzlaşma üçün ödəniləcək məbləğin 2,5 milyard dollar olacağı deyilib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrın 29-da “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max” Cakarta hava limanından qaldıqdan bir qədər sonra, 2019-cu ilin martın 10-da isə “Ethiopian Airlines”a məxsus eyni tipli təyyarə Əddis Ababadan qalxdıqdan dərhal sonra qəzaya uğramışdı. Hər iki hadisədə ümumilikdə 346 nəfər həlak olmuşdu. Hadisədən sonra “Boeing 737 Max” təyyarələrinin istismarına qadağa qoyulmuşdu.
Dekabr ayından “737 Max” təyyarələrinə yenidən uçuş icazəsi verilib.