9 Yanvar 2021 21:07
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçmişdə Azərbaycanda 70-yə yaxın nar sortu olub, indi sort sayı 20-yə düşüb. Ölkədə nar istehsalı ilə bağlı ümumi əkin sahəsi 23 hektadan çoxdur, ümumi istehsal həcmi 156 min tondan yuxarıdır, ümumi istehlak 135 min tondur, illik ixrac 6 min tondur, hektardan məhsuldarlıq 8 tona yaxındır”.

Teleqraf.com xəbər verir ki, bunu “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib.

O bildirib ki, ildən-ilə ölkədə nar istehsalı artır: “Rəsmi göstəricilərə əsasən, bu məhsul üzrə özünütəminetmə səviyyəsi 104,5 faiz təşkil edir. Digər tərəfdən ildən-ilə əhalinin nar məhsulları üzrə istehlakı artır. Bunlar müsbət dinamikadır. Narın müalicəvi xüsusiyyətləri insanlarda istehlak səviyyəsini yüksəldən əsas faktorlardandır.

Fikrimcə, nar yeganə məhsullardandır ki, bazarda qiyməti həmişə yüksək olur, dekabr-may aylarında satış qiyməti pik həddə çatır. Bu fakt narçılığın gələcəkdə çox əlverişli aqrobiznes sahəsinə çevriləcəyini deyir. Nar suyu, nar şərabı, nardan hazırlanmış şirələr ələdüşən deyil”.

Ekspert hesab edir ki, hər il orta hesabla intensiv metodlara söykənən 1000-1500 hektar nar bağları salınmadadır: “Xarici bazarlarda da nar ən çox tələb olunan məhsullardandır. Aran regionları üzrə əlverişli torpaq-iqlim amilləri bu məhsulun daha da genişləndirilməsi üçün imkanlar açır. İşğaldan azad olunmuş ərazilərimizdə xüsusi nar bağlarının salınması narçılığa xüsusi təkan olardı. Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı torpaq-iqlim şəraitinə görə, narçılıq üçün çox əlverişlidir”.

Nicat Nəsirli qeyd edib ki, hazırda narçılığın inkişafına nail olmaq üçün bir neçə istiqamətdə addımların atılmasına ehtiyac var: “Birincisi, hektardan əldə olunan məhsuldarlıq aşağıdır. Bunu aradan qaldırmaq üçün intensiv tingçilik təsərrüfatları yaradılmalıdır. İkincisi, nar ağacı gec məhsula düşdüyü üçün bu sahəyə uzunmüddətli, ucuz kreditlərin verilməsi çox vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər