“Bu gün Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. Axtarsaq Xəzərdə “Dostluq” adda yataq tapmaq olmaz. Çünki Azərbaycan terminalogiyasında bu, “Kəpəz”, Türkmənistan deyimində isə “Sərdar” yatağıdır. Uzun illərin fikir ayrılığını bir kənara qoyub iki dövlət başçısınin bunu bir dostluq layihəsinə çevirmələri 2021-ci ildə gerçəkləşdi”.
Teleqraf.com xəbər verir ki, bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O bildirib ki, “Kəpəz” yatağı sovet dövründə Azərbaycan neftçilərinin kəşf etdiyi son yataq olub: “Bu yatağın ilk kəşfiyyat quyusu 1989-cu ildə açılmışdı. Sovetlər birliyi dağılandan sonra müstəqillik qazanmış ölkələr ilk beşilliklərində diqqəti demək olar ki, ancaq sosial vəziyyətin düzəlməsinə ayırırdılar.
90-cı illərinin ortalarında Azərbaycan, eləcə də qonşuları buna nəzər yetirdi. Məlum oldu ki, “Kəpəz” yatağı Xəzər dənizinin sektoral bölümündə tən ortaya düşür. Bir müddət yatağın hüquqi statusu barədə məsələlər müzakirə edildi. Artıq XXI əsirdə Azərbaycan Türkmənistan tərəfinə yatağın birgə işlənməsi ilə bağlı təkliflərini irəli sürdü.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hakimiyyətə gəlişindən sonra bir neçə dəfə Azərbaycana rəsmi və işgüzar səfərlərə gəlib. Eləcə də Azərbaycan tərəfinin də Türkmənistana qarşılıqlı səfərləri olub. Rəsmi Bakı ilə Aşqabad arasında siyasi münasibətlər normallaşıb”.
Analitik deyir ki, 2010-cu ilin iyul ayından Türkmənistanın Xəzər yataqlarında çıxartdığı neft Azərbaycanın əsas ixrac boru kəməri Bakı-Tiflis-Ceyhanla (BTC) axmağa başlayıb: “ Neçə ki, Türkmənistanda neft var, onlar Azərbaycanın boru kəmərləri ilə axacaq. Çünki BTC dünya bazarlarına ən optimal marşrutdur və Azərbaycanın şərtləri Türkmənistanı qane edir ki, onlar 10 ildən artıqdır ölkəmizlə əməkdaşlığı davam etdirir.
Türkmənistanın xam nefti, o cümlədən Türkmənbaşı neft emalı zavodları kompleksində istehsal olunan neft məhsullarının bir qismi Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşən “Kulevi” neft terminalı və limanı vasitəsilə dünya bazarlarına çıxarılır.
Başqa sözlə, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq olub, inkişaf edib. 2021-ci ilə qədəm qoyanda daha bir uğurlu addım olmuşdu. SOCAR-ın neft ticarəti ilə məşğul olan törəmə şirkəti “SOCAR Trading” 1 milyon ton əlavə türkmən neftinin Azərbaycan vasitəsi ilə dünya bazarına çıxarılması ilə bağı müqavilə imzalamışdı. Neft və neft məsulları sahəsində, eləcə də neft avadanlıqlarının ixrac baxımından ölkəmizin Türkmənistanla əməkdaşlığı olub. Amma bu gün iki ölkənin birgə neft hasilatını həyata keçirməsi əməkdaşlığın yeni tarixi səhifəsidir. Bu, başqa ölkələr üçün də örnək olacaq bir məsələdir”.
İlham Şaban “Dostluq” yatağının neft potensialı ilə bağlı bəzi proqnozlar verib: “Bu yataq geoloji baxımdan Azərbaycanın müstəqillik illərində açdığı yeganə neft yatağı olan “Qarabağ”ın yaxınlığında yerləşir. Geoloji quruluşunda buna bənzərlik var. Bu yataqda neft və qaz layları mövcuddur. Yatağın geoloji neft potensialı 50 milyon tondan çoxdur, həmçinin qaz ehtiyatları da var.
Ona görə də həmin yatağın işlənməsi Azərbaycanın mövcud ixrac neft-qaz infrastrukturu vasitəsilə həyata keçiriləcək. Bu baxımdan Azərbaycanın imkanları sayəsində həmin yatağın işlənməsində hansısa bir mürəkkəblik və çətinlik olmayacaq. Təxminən 30 ildən artıq müddətdə yerin dərinliklərində qalmış karbohidrogen ehtiyatının bazarlara çıxarılması və əmtəənin dəyərə çevrilməsi imkan yaranır ki, bundan da hər iki ölkə kapital qazanacaq”.
Ekspert qeyd edib ki, 2000-ci illərin ortasından Azərbaycanla Türkmənistan arasında siyasi əlaqələr getdikcə inkişaf etməyə başlayıb: “İki ölkə arasında iqtisadi əlaqələrdə artım dinamikası müşahidə edilirdi. Ancaq ölkələr arasında mübahisəli məsələ kimi gündəmə gələn yataqların işlənməsi uzanırdı. Çünki Xəzərin hüquqi statusu kimi arada bir baryer var idi. 2018-ci ilin avqust ayında Qazaxıstanda keçirilən zirvə toplantısında bütün Xəzəryanı ölkələrin liderləri bununla bağlı birgə imza atdılar. Bu da mübahisəli yataqlar məsələsinin həllinə təkan verdi”.