3 Fevral 2021 14:34
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi sayğaclar qaz həcmini düz hesablamır. Energetika Nazirliyi son zamanlar sosial şəbəkələrdə smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsindən sonra qaz sərfiyyatının artması ilə bağlı məlumatları araşdırmaq qərarına gəlib.

Nazirlikdən bildirilib ki, 25-27 yanvar tarixlərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutunun nümayəndələrinin iştirakı ilə şikayətçilərə məxsus olan istismar müddəti bitmiş 27 ədəd qaz sayğacı laboratoriya şəraitində yoxlanılıb.

Yoxlamada iştirak etmək istəyən abonentlərin iştirakı təmin olunub. Sayğaclar ən çox şikayət olunan ərazilərdən - Xəzər, Sabunçu və Binəqədi rayonlarından seçmə üsulu ilə götürülüb. Yoxlamaların nəticələri hər bir qaz sayğacı üçün müvafiq sənədlərdə əks etdirilib.

Araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib və “Azəriqaz” İstehsalat Birliyi hesabına yeniləri ilə əvəz edilib.

Maraqlıdır, qaz sərfiyyatına görə artıq pul ödəyən abonentlərin vəsaitləri kompensasiya olunubmu?

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Teleqraf.com-a bildirib ki, “istismar müddəti başa çatmış” ifadəsi düzgün deyil: “Məlumatda qeyd olunub ki, istismar müddəti bitmiş 27 ədəd qaz sayğacı laboratoriya şəraitində yoxlanılıb. Əslində, bu ifadənin özü düzgün deyil. Çünki istismar müddəti başa çatmış sayğaclar artıq istifadəyə yararsızdır.

Burada söhbət ondan gedir ki, narazı vətəndaşlara açıq qapı günlərində mexaniki elektron sayğaclarını yoxlamaya təqdim etmələrini demişdik. Həmçinin dövlət yoxlanış müddəti var ki, 5 ildən bir əhali abonent qrupunda tədqiq olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tətbiq etdiyi qaydalarla 5 ildən bir əhali abonent qrupunda sayğacları dövlət yoxlanışına götürülür. Həmin prosesdə də açıq qapı günlərində biz vətəndaşlara dedik ki, dövlət yoxlanışında sayğaclar necə yoxlanılır, gəlib baxa bilərlər.

Eyni zamanda mexaniki elektron sayğac istəməyən narazı abonentlərin iştirakı ilə sayğacların yoxlanışa götürülməsi üçün tam şəffaf şərait yaradılmışdı. Bir sözlə, “istismar müddəti bitmiş” ifadəsi düzgün deyil”.

Qurum rəsmisi deyir ki, məlum açıqlamada sayğacların sərfiyyatı ilə bağlı qəliz bir cümlə də var: “Bildirilir ki, araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib. Qaz ölçü qurğularına ona görə dövlət yoxlanış müddətində açılıb baxılır ki, onların iş prinsiplərində, işlək vəziyyətində müəyyən qüsurlar ola bilər. Bu qüsurların çıxması tam normaldır.

Ona görə də dövlət yoxlanışından sonra bəzi sayğaclar ümumiyyətlə, istismarsa yararsız hesab olunur və çıxdaş olur. Bəziləri isə təkrar istismar üçün səndələşdirilib saxlanılır. Açıqlamada sayğacın iş prinsiplərində, işlək vəziyyətində qüsurların olması qeyd olunur, amma bu o demək deyil ki, həmin sayğac sərfiyyatı artıq qeydiyyata alıb.

Artıq ödəniş qeydə alınmayıb, belə bir hal təsdiqlənməyib. Sadəcə oradakı cümlə qəlizdir, hamı elə başa düşüb ki, abonent artıq ödəniş edib”.

Ceyhun Səfərov onu da qeyd edib ki, Energetika Nazirliyinin və Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri daimi yoxlamalarda iştirak edir: “Hər həftənin 2-ci, 4-cü günlərində, saat 14-dən 17-dək açıq qapı günləri olur. Kim istəsə Metrologiya Departamentinə gəlib protokollarla tanış ola bilər. Bu protokollar Metrologiya Departamentinin və Energetika Nazirliyinin nümayəndələri, həmçinin “Azəriqaz” İB-nin və vətəndaşın iştirakı ilə tərtib edilir.

Biz vətəndaş məmnuniyyətini təmin etmək üçün onlarla ünsiyyətdən qaçmırıq. Əksinə, onlarla ünsiyyətə həmişə hazırıq. Kimin sualları varsa, istər sosial şəbəkə üzərindən, istərsə də baş direktor Ruslan Əliyevin hər beşinci gün Feysbukda canlı bağlantısına qoşulub yaza bilərlər. Həmin suallar da müvafiq olaraq yönəldilir. Ruslan Əliyev ona görə canlı yayımlara çıxdı ki, ortalıqdakı söz-söhbətlərə, vətəndaşlarda səhv formalaşan fikirlərə özü tam aydınlıq gətirsin. Artıq iki dəfə belə canlı yayım olub, bu həftə də olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər