11 Fevral 2021 15:23
3 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransanın “Total” neft-qaz konserni adını dəyişmək istəyir. Şirkət bununla bağlı səhmdarlarına müraciət edib. Dəstəklənəcəyi təqdirdə şirkətin adı “TotalEnergies” olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O bildirib ki, ilk baxışdan sadəcə “rebrending” (brendin və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planı) təəssüratı oyadan bu addımın kökündə ciddi amillər dayanır:

“Səbəb aydındır. Alternativ enerjinin ənənəvi enerjini sıxışdırıb çıxardığı və buna görə də neft-qaz şirkətlərini milyardlarla zərərə saldığı bir dövrdə çaşqınlıq içində olan şirkətlər gələcəyə doğru strategiyalarını dəyişmək məcburiyyətindədirlər. “BP” şirkəti 2030-cu ilə qədər olan strategiyasını açıqlayaraq investisiyalarını neft-qaza yox, alternativ enerjiyə yönəldəcəklərini bildirib. “Shell” də analoji addımları atır.

“Total” bir qədər irəli gedərək bərpaolunan enerji mənbələri üzrə dünya lideri olmağı qarşısına məqsəd qoyub. 2030-cu ilə qədər satışda neftin payını 55%-dən 30%-ə endirməyi planlayır. Bir sözlə, dünyanın iri neft qiqantları devizlərini "neftdən enerjiyə" dəyişirlər. Bu deviz altında təbii ki, rebrendinq də etməli olacaqlar”.

İqtisadçının fikrincə, “rebrendinq” SOCAR-ın da qarşıdakı addımlarından biri ola bilər: “SOCAR-n əvvəlki loqosu “neft buruğu” idi. Sonra “rebrendinq” edərək onu alova dəyişdilər. Hətta adını da beynəlxalqlaşdırdılar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) oldu SOCAR. Yəqin ki, yaxın 2-3 ildə şirkətin yenidən “rebrendinqə” getməsi məsləhət olardı. Məsələn, adını “SECAR” (The State Energy Company of Azerbaijan Republic) olaraq dəyişə bilər. Loqosunu isə küləklər şəhəri Bakının simvolu olan külək elementləri əsasında formalaşdıra bilər. Yəqin ki, bütün yeni strategiya hazır olduqdan və ictimaiyyətə açıqlandıqdan sonra məlum olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər