26 Fevral 2021 11:16
3 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə verilən aylıq müavinətdən 5 manatın tutulmasına aydınlıq gətirib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat” - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna 5 manat məbləğində pul tutulması barədə xəbər yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəyan edir ki, bu xəbər həqiqəti əks etdirmir, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat” fondu üçün vəsait tutulmayıb.

Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub.

Dövlət Komitəsi vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları yaymaqdan çəkinməyi xahiş edir.

Qeyd edək ki, vahid aylıq müavinət alan məcburi köçkünlər iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid edilənlərə - fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə hazırda ayda 33 manat vahid aylıq müavinət verilir.

İkinci kateqoriyaya aid olanlar - fərdi qaydada sayğaclardan istifadə edən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə hazırda 60 manat vahid aylıq müavinət alırlar.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər