“ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə ünvanladığı təbrik məktubunda iki ölkə arasındakı münasibətlərin qarşıdakı illərdə daha da inkişaf etdirilməsində Birləşmiş Ştatların yeni administrasiyasının yetərincə maraqlı olduğu birmənalı görünür”.
Bunu Teleqraf.com-a iqtisad elmləri doktoru, professor, sabiq maliyyə nazir Fikrət Yusifov deyib.
O bildirib ki, ABŞ Cənubi Qafqazın ümumi iqtisadiyyatının az qala 70 faizinə sahib olan və böyük enerji resurslarına malik Azərbaycanla münasibətlərinin daha da yaxınlaşdırmaq istəyir: “Əslində Ağ Evin yeni rəhbərliyinin Azərbaycana belə münasibət sərgiləyəcəyi gözlənilən idi. Çünki Co Baydenin təbrik məktubunda da deyildiyi kimi, Azərbaycan bu gün öz iqtisadiyyatını şaxələndirmək istiqamətində ciddi islahatlar aparır. Bu islahatlar Birləşmiş Ştatların yeni rəhbərliyinin diqqətini yetərincə cəlb edib. Elə bu səbəbdəndir ki, Co Bayden Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunda olduğunu diqqətə çatdırır”.
İqtisadçı qeyd edib ki, Co Bayden iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə və islahatlara dəstəyini ifadə edib: “Prezident Bayden Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı Azərbaycanın səylərini, həyata keçirdiyi nəhəng enerji layihələrini dəstəkləyir. ABŞ Prezidenti ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunda olduğunu da diqqətə çatdırıb.
Co Bayden Azərbaycanın regionda son illər ərzində reallaşdırdığı nəhəng enerji və nəqliyyat layihələrinin yalnız Cənubi Qafqaz üçün deyil, Avropa və Asiya ölkələri üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini yaxşı bilir. Dünya nəhəngi olan bir ölkənin başçısının Azərbaycana belə münasibəti ölkəmizin beynəlxalq müstəvidə çəkisinin bir qədər də artmasına xidmət edəcək”.