Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası istiqamətində təcili addımlar atır. Artıq bir sıra rayonlara avtomobil yolunun çəkilişi, elektrik enerjisi, su təchizatı yönündə təxirəsalınmaz tədbirlər aparılır. İnfrastruktur layihələrlə yanaşı işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya da hazırlanıb. Konsepsiyaya uyğun olaraq planlaşdırmada əsas tutulan sahələr, şəhərsalma və ərazi qurulması ilə bağlı məsələlərin reallaşdırılması üçün maliyyə güzəştləri də nəzərdə tutulur.
Qarabağda müharibə 4 aydır başa çatsa da, indiyədək bölgəyə investisiyaların qoyuluşunda əsasən yerli sahibkarların müraciətləri üstünlük təşkil edir. İşğaldan azad olunmuş ərazilərə xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulsa da, indiyədək bu istiqamətdə aktivlik müşahidə olunmur.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov Teleqraf.com-a bildirib ki, işğaldan azad olunmuş ərazilərə investisyaların cəlb edilməsi prioritet məsələdir: “Yerli investorların bu ərazilərdə investisiyalar yatırmasında heç bir problemi yoxdur. Sadəcə dövlətin müəyyənləşdirdiyi qaydalara əsasən, yerli investisiyalar yatırılır. Bununla yanaşı xarici investorların da işğaldan azad olunmuş ərazilərimizə gətirilməsi vacib məsələdir. Çünki xarici investorlar həmin ərazilərə müasir texnologiya və innovasiyalar gətirəcəkdir”.
Millət vəkili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə bütün xarici investorların gəlməsi gündəmdə deyil: “Ölkə başçımızın qeyd etdiyi kimi, hansı ölkələr Vətən müharibəsində yanımızda olublarsa, həmin ölkələrin şirkətləri bizimlə əməkdaşlıq edə bilərlər. Yəni, xarici investorların arasında seçim edirik.
Artıq Türkiyənin şirkətləri fəaliyyət göstərir, İtaliya şirkətləri də fəaliyyətə başlayacaq. O cümlədən bizi dəstəkləyən bütün dost ölkələrə də investisiyaların yatırılması üçün işğaldan azad olunmuş ərazilərimiz açıqdır. Həmin ərazilərə investisiya yatıracaq investorlar üçün güzəştli fəaliyyət mühiti nəzərdə tutulub. Hər hansı bir müəssisəni formalaşdırmaq üçün lazım olan bütün sosial infrastruktur şəraiti də dövlətimiz yaradır. Ona görə də bu ərazilərin investisiyaya cəlbediciliyi yüksəkdir. Sadəcə dövlətimiz bu məsələlərlə əlaqədar biznes forumlar keçirməli, mümkün investisiya potensialı haqqında xarici investorları məlumatlandırılmalıdır”.
İqtisadçı Xalid Kərimli isə açıqlamasında müharibənin başa çatdığı 4 ayın böyük müddət olmadığı qənaətindədir: “İnvestisiyanın yerli və xarici olmasından asılı olmayaraq cəlbi üçün ərazilərdə tam təhlükəsizlik şərtləri təmin olunmalıdır. Minalanmış ərazilər təmizlənməlidir ki, investorlar da həmin bölgədə təhlükəsizliyin təmin olunduğunu başa düşsün. Hazırda təhlükəsizlik məsələsinə görə, işğaldan azad olunmuş ərazilərə icazəsiz getmək qadağandır. Ərazilərin təhlükəsizliyi təmin ediləndən və ilkin infrastruktur qurulandan sonra investisiya cəlbindən, eləcə də bu istiqamətdə olan problemlərdən danışa bilərik.
Hazırda dövlətin "ağıllı kənd", "ağıllı şəhər", alternativ enerji mənbələri və digər bu kimi konsepsiyaları xarici investorlarla müzakirə olunur. Rəqəmsal texnologiyaların inkişaf etdiyi Bakı şəhərində belə qeyri-neft sektoruna investisiyanın cəlbində ciddi çətinliklər var. Bütün bu məsələlərin həlli biznes üçün əlverişli investisiya mühiti yaradır”.
Analitik deyir ki, infrastrukturun bərpası üçün nə özəl, nə də xarici sahibkar pul xərcləyəcək: “Bir qayda olaraq yolların, elektrik, su, təbii qaz xətlərinin çəkilməsində maliyyələşməni dövlət həyata keçirir. Artıq bu istiqamətdə də işlərə start verilib. Belə ki, Füzulidə hava limanının tikintisinə başlanılıb, bir neçə rayonda da bənzər layihələrin icrası nəzərdə tutulur. Hazırda həm yerli, həm də türk şirkətləri prosesə cəlb olunsa da, maliyyələşməni dövlət aparır”.
Xalid Kərimli hesab edir ki, Qarabağ bir neçə istiqamətdə inkişaf etdirilə bilər: “Burada üç istiqaməti - kənd təsərrüfatını, dağ-mədən sənayesi və turizm sektorunu xüsusi qeyd etmək lazımdır. Qızıl, gümüş, tikinti materialları, civə və digər faydalı qazıntılar kimi xammal hasilatını artırmaq lazımdır. Bu istiqamətdə qurulmuş istehsalat sahələrinin istismarı bölgədə xüsusi iqtisadi rola malik olacaq. Mədən sənayesində bir sıra yataqlar var ki, artıq şirkətlər arasında tenderin qalibləri bəllidir. Təhlükəsizlliyə təminat verilən kimi tikinti işlərinin aparılması planlaşdırılır.
Hazırda minalardan təmizlənmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının becərilməsi prosesi gedir. Turizm infrastrukturunun qurulması isə sonrakı mərhələdə baş tuta bilər”.
Ekspert onu da vurğulayıb ki, beynəlxalq şirkətlər dəvət edilməklə hər bir rayonun inkişaf proqramı, baş planı hazırlanmalıdır: “Bu da investisiyaların cəlbində mühüm rol oynayır. Hər rayonun öz üslubu və inkişaf sahələri ilə seçilməlidir. İndiyədək yalnız Ağdam rayonu üzrə baş planın hazır olduğunu demək olar. Bölgədə aparılan tikinti işlərinə baş planda təsdiqini tapandan sonra icazə verilir. İndi hökumət buna çox ciddi fikir verir”.