“Rayon və bölgələrimizdə icra olunan layihələr sırasında ölkədə yol-nəqliyyat infrastrukturunun yenilənməsi prioritet təşkil edib və edir. Dövlət başçımız İlham Əliyevin rayonlara, ümumiyyətlə, ölkəmizin hər bir bölgəsinə səfəri həm yeni tipli infrastruktur obyektlərin, icrası artıq başa çatmış layihələrin açılışı, həm də növbəti möhtəşəm tikinti və quraşdırma işlərinə start verilməsi və təməlqoyma hadisələri ilə yadda qalır”.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.
Ekspert bildirib ki, Azərbaycanda çox müasir yol-nəqliyyat infrastrukturu mövcuddur: “Ölkə başçısının ötən həftə Şuşada keçirilən "Xarıbülbül" festivalından sonra Qəbələ rayonuna səfər etməsi və burada icrası artıq başa çatmış bir sıra mühüm strateji infrastruktur layihələr üzrə açılışlar etməsi mühüm hadisə oldu.
Səfər zamanı xüsusən, Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı diqqəti cəlb etdi.
Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu rayona cənubdan avtomobil yolundan əlavə giriş vasitəsidir. Bakı-Qəbələ marşrutu üzrə ən sürətli və rahat giriş vasitəsidir. Gələcəkdə Bakıdan Qəbələyə və əks-istiqamətə doğru mövcud avtomobil yollarında sıxlığın aradan qalxmasına imkan yaranacaq. Rayona və geriyə paytaxta rahat və daha qısa müddət ərzində gediş-gəlişə şərait yaranacaq. Rayon üzrə həm daxili, həm də xarici turizmin inkişafına əlavə imkan ortaya çıxacaq”.
Mütəxəssis deyir ki, təkcə Qəbələ rayonunda deyil, digər rayonların ərazisində də dəmir yolu xəttinin olması və ərazisinə dəmir yolu xəttinin çəkilməsi vacibdir və bu, ancaq inkişaf vəd edir:
“Ölkəmizdə dəmir yollarının yenidən qurulması sahəsində çox böyük işlər görülüb, xüsusən son 2-3 il ərzində dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində daha da ciddi addımlar atılıb. Nəticədə yeni dəmir yolları, stansiyalar tikilib, yeni-yeni inşa layihələri dövriyyəyə buraxılıb”.