30 İyun 2021 15:41
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi qaz təsərrüfatında da son illər böyük nailiyyətlər əldə olunub.

Əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlət başçısının tapşırığına uyğun olaraq respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin sürətli qazlaşdırılması işləri aparılıb. Azərbaycanda qazlaşma səviyyəsi və sürəti qonşu dövlətlərdən və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək dəyərləndirilir.

“Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov Teleqraf.com-a bildirib ki, son 3 il ərzində ümumən 260-dan çox kənd yeni qazlaşdırılıb: “Bakı şəhərində və regionlarda son 3 il ərzində 90-dan artıq yeni yaşayış massivi qazlaşdırılıb. Qazlaşdırılma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 207 min artaraq hazırda 2 milyon 300 mini ötüb. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərçivəsində 6 min kilometrdən çox müxtəlif diametrli qaz xətlərin çəkilib. Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırılma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb. Kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması və bütöv növ qaz itkilərinin azaldılması məqsədilə son 3 ildə ümumən 2 min kilometrdən artıq qaz xətti yenidən qurulub. Görülən tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətlə dərəcədə azalıb, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub”.

Qurum rəsmisinin sözlərinə görə, müştəri məmnuniyyəti, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və şəffaflığın təmin olunması istiqamətində də xüsusi tədbirlər görülüb: “Bu məqsədlə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən Asan Xidmət və Asan Kommunal Mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır. Əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə İSO 9001 keyfiyyətin idarə edilməsi sisteminin tətbiqi uğurla davam etdirilir. Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 çağrı mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir”.

Teymur Cəfərovun sözlərinə görə, dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlşadırılması işləri geniş vüsət alıb: “Yaxın perspektivə əsas hədəflərimiz “Azəriqaz” İB tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştəri tələblərinin maksimum təmin olunması, qaz təchizatı şəbəkəsinin müasir standartlara uyğun olaraq modernizasiyası, əməliyyat səmərəliliyin artıran müasir texnika və texnologiyaların tətbiqi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsindən ibarətdir”.

Enerji sektoru üzrə mütəxəssis Zəfər Vəliyev isə bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hər il elan etdiyi dövlət hesabatında ölkədə regionlar üzrə qazlaşdırmanın səviyyəsinin 95%-dən yuxarı olduğu göstərilir: “Bu yaxınlarda Azərbaycanda qazlaşdırmanın ümumi səviyyəsinin 95%-dən yuxarı olduğu açıqlandı. Əslində, bu, çox normal bir göstəricidir. 2005-ci ildən sonra Azərbaycanda infrastruktur layihələrinə kifayət qədər maliyyə vəsaiti yönəldilib. Bunun əksəriyyəti dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. 2003-cü il prezident seçkisindən sonra regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramı çərçivəsində əsas hədəflərdən biri ölkənin bütün regionlarında qazlaşdırma səviyyəsinin 95 %-dən yuxarı qaldırmaqdan ibarət idi. Proqramda həm sənaye sektoru, həm də əhali qrupu nəzərdə tutulurdu. ARDNŞ-nin statistik məlumatlarına istinadən deyə bilərik ki, hazırda ölkənin bütün regionlarında qazlaşma çox yüksək səviyyədədir. İstisnalar da ola bilər. Xüsusən sərhədyanı bölgələrə fikir vermək lazımdır - Tovuz, Qazax, Gədəbəy, Ağstafa və Daşkəsənin qazlaşdırma səviyyəsi yüksək olmalıdır. Bildiyim qədərilə bu sahədə də müəyyən işlər görülür”.

İşğaldan azad edilmiş bölgələrin enerji təminatı və infrastruktur layihələrinin icrasına gəlincə, ekspert qeyd edib ki, bu, tamamilə başqa yöndə həyata keçiriləcək: “Dövlət başçısı işğaldan azad edilmiş bölgələri “yaşıl zona” elan edib. Deməli, həmin ərazilərdə həm sənaye sektorunun, həm əhali qrupunun, həm də kommunal təsərrüfatının enerjiyə olan tələbatı alternativ və bərpa olunan enerji mənbələri hesabına ödəniləcək. Təbii ki, burada təbii qazdan da istifadə etmək olacaq. Çünki azkarbonlu iqtisadiyyatın inkişafında, eyni zamanda yeni enerji keçidi ərəfəsində təbii qaz aralıq enerji mənbəyi kimi dəyərləndirilir. Ola bilsin ki, bu bölgələrdə də müəyyən həcmlərdə təbii qazdan istifadə edilsin. Amma görünən odur ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş bölgələrdə əsasən alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına üstünlük verəcək. Bu məqsədlə ötən gün Energetika Nazirliyi ilə BP arasında ümumi dəyəri 200 milyon dollar dəyərində bir müqavilə imzaladı. Müqavilənin əsas hədəfi Cəbrayıl və Zəngilan rayonlarında günəş enerji stansiyalarının quraşdırılması ilə bağlıdır. Görünən odur ki, Azərbaycan hökuməti və eyni zamanda bu sahəyə məsul olan strukturlarımız işğaldan azad olunmuş ərazilərdə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün bu sahəyə xarici investisiyanın cəlb edilməsi və özəl sektorun fəaliyyətinin təmin edilməsi ilə bağlı danışıqlar aparır”.


Müəllif: Yeganə Oqtayqızı