6 İyul 2021 14:13
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Karantin qaydaları yumşaldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artım müşahidə edilir. Monitorinqlər göstərir ki, bölgələrimizdə olan turizm obyektləri qiymətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə xeyli yüksəldiblər. Bu isə məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır. Turizm xidmətlərində qiymət artımların səbəbləri iqtisadi baxımdan aydın olmasa, bir sıra sahibkarların pandemiyadan sonra “daha qısa zamanda daha çox gəlir” prinsipi ilə işləməsi danılmazdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat inkişaf etmiş ölkələrin təcrübəsinə toxunaraq qeyd edib ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür: “Avropa Birliyində turizm gəlirlərinin 80 faizini daxili turizm hesabına formalaşır. Amma bizdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyli məhdudlaşdırır.

Bir tərəfdən, sahibkarların qiymətləri artırmaması, əksinə optimallaşdırması üçün daha çox təşviqedici, həmçinin maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Digər tərəfdən, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi vergi güzəştləri də daxil olmaqla xüsusi güzəştlərin tətbiq olunması da məqsədəuyğun olar. Eyni zamanda qonşu Türkiyədə olduğu kimi, ötən əsrin 80-90-cı illərində subsidiyaların verilməsi mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarlar xərclərin azaldılmasına nail ola bilər”.

İqtisadçı bunla yanaşı sahibkarların süni şəkildə tələbin artmasını nəzərə alaraq qiymətləri yüksəltməmələrinin də vacibliyini vurğulayıb: “Doğrudur, tələb artanda əksər hallarda qiymətə təsir edir. Turizmin spesifik sahə olduğu üçün burada qiymətlərin əlçatan olması vacibdir. Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsi, eyni zamanda sahibkarların da korporativ sosial məsuliyyətə uyğun olaraq, daha optimal qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar, xüsusən yay mövsümündə daxili turizmdən faydalanıb istifadə edə bilsinlər”.


Müəllif: Yeganə Oqtayqızı