22 İyul 2021 20:49
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Hesab edirəm ki, bu da yaxşı nəticədir. Valyuta ehtiyatlarımız artıb. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Amma bu artım daha da böyük olacaqdı. Çünki bizim ehtiyatlarımızın bir hissəsi müxtəlif valyutalardadır, o cümlədən avro və dollar əksəriyyət təşkil edir. Bu məzənnədə olan dəyişiklik bizim mütləq rəqəmlərə təsir göstərdi.

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır, bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik”.

Azərbaycan Prezidenti deyib ki, lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə, yaxud da hansısa başqa maraqlar naminə dövlət investisiya xərcləri verilməyəcək. Bunu hər kəs bilir. Ona görə valyuta ehtiyatlarımızın artımı da çox vacib məsələdir. Nə qədər çox valyutamız olsa, biz özümüzü o qədər də əmin hiss edirik.


Müəllif: Teleqraf.com