İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkirdə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Teleqraf.com-un məlumatına görə, işgüzar forumda iştirakçılara güzəştli kreditlərdən istifadə mexanizmi barədə ətraflı məlumat verilib, Şəmkir və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub. Sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
200-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, müasir istixanaların, intensiv nar və xırnik bağlarının və kartofçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faziədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4720 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, çörək zavodlarının, istixana təsərrüfatlarının, meyvə-tərəvəz, ət kəsimi və emalı, süfrə suları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 22 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Şəmkir və ətraf rayonlardan olan 59 sahibkara 794,6 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, üzümçülük, arıçılıq, istixana təsərrüfatlarının yaradılması və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4785 sahibkara 261 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Şəmkir rayonunun Yeni Həyat kəndində güzəştli kredit ayrılıb, ildə 2,7 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan müasir istixana kompleksinin fəaliyyətinə baxış keçirilib.
Naibə