“Mərkəzi Bankın rəsmi elan etdiyi göstəricilərə əsasən, bu ilin birinci yarısında problemli kreditlərin həcmi yenidən artıb. Ötən ili 893 milyon manat problemli kredit portfeli ili başa vuran banklada bu ilin ilk yarısında bu göstərici 914 milyon manata yüksəlib. Bu o deməkdir ki, yalnız son 6 ayda problemli kreditlərin həcmi 2.3 faiz artıb. İyun ayının yekunlarında problemli kreditlərin həcmində aylıq artım 7.7 milyon manat olub”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, problemli kreditlərinin həcminin artımasında pandemiyanın təsirləri xüsusi rol oynayıb: “Həmçinin bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də problemli kreditlərinin həcminin artımasında təsirsiz qalmayıb. Eyni zamanda depozit dividentləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq bəzi banklar xarici valyutada dividentlərə ya faiz ödənişi etmirlər, ya da cüzi divident hesablayırlar.
Depozit dividentlərinin düşməsinə baxmayaraq, kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin birinci yarısında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.