Əfqanıstan büdcəsinin dörddə üçü xarici yardım hesabına maliyyələşdirilir.
Teleqraf.com xəbər verir ki, məlumat Dünya Bankının hesabatında əksini tapıb.
Bildirilir ki, ümumi xarici yardım Əfqanıstanın 22 milyard dollarlıq iqtisadiyyatının 40 faizinə bərabərdir. Xarici yardımların Taliban dövründə davam etməyəcəyi qətidir.
“Fitch” qrupuna aid “Fitch Solutions” şirkətinə görə, qarşıdakı iki il ərzində Əfqanıstan iqtisadiyyatının 10-20 faiz daralacağı gözlənilir. Məzənnə ucuzlaşmağa davam edəcəyi təqdirdə hiperinflyasiya meydana gələcək.
BMT-nin Dünya Ərzaq Proqramının hesabatına görə, xüsusilə ərzaq qiymətlərinin artması 14 milyon insanın qidalanmadığı bir ölkədə humanitar böhrana səbəb ola bilər.
Hazırda Bayden administrasiyası Əfqanıstan Mərkəzi Bankının 9,5 milyard dollarlıq aktivini dondurub. Avropa ölkələri inkişaf yardımlarını dayandırdıqlarını açıqlayıb. Eyni zamanda Beynəlxalq Valyuta Fondu (BVF) ölkənin SDR imkanlarına giriş hüququnu ləğv edib. Bir çox Qərb ölkəsi Taliban rəhbərliyindəki Əfqanıstana qarşı sanksiyalar tətbiq edilməsini istəyir.
Analitiklər deyirlər ki, Qərb ölkələri olmadıqda Çin bu boşluğu doldura bilər. Çin illərdir Əfqanıstanın 1-3 trilyon dollar arasında olan mədən aktivləri üçün investisiya bəyanatları edirdi. Ancaq uzun illər ifadə olunan bu niyyətə baxmayaraq, əhəmiyyətli dəyişiklik müşahidə edilməyib.
Qarşıdakı dövrdə Əfqanıstanın qarşılaşacağı digər önəmli problem kadr çatışmazlığı olacaq. Son 20 ildə Əfqanıstanın idarəçiliyində olan təhsilli insanların əksəriyyəti ölkəni tərk edib.
Taliban indiyə qədər narkotik ticarəti, qanunsuz mədənçilik və subsidiyalar hesabına təxminən bir milyard dollarlıq illik büdcəni idarə edirdi. Bununla belə, təşkilatın ölkə iqtisadiyyatını idarə edəcək kadrları yoxdur.