16 Sentyabr 2021 17:11
2 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdə əhali kateqoriyasına aid istehlakçılarda avqust ayı üzrə elektrik enerji istehlakına görə böyük fərqlə borcların yaranması ətrafında müzakirələr gedir. Abonentlər iddia edirlər ki, avqust ayında işıq sərfiyyatında dair bildirişlərdə ciddi fərqlər yaranıb. Şikayətçilərdən birinin sözlərinə görə, əvvəllər elektrik enerjisi üçün 16 manat ödədiyi halda, avqust ayında 39 manat yazılıb. Bütün bunlar istelakçılarda şübhə yaradıb.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən Teleqraf.com-a bildirilib ki, xidmət göstərilən ərazilər üzrə avqust ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb:

“Avqust ayında havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub. Bu da təbii olaraq elektrik enerjisi istehlakının artmasına gətirib çıxarıb. Cari ilin avqust ayı ərzində enerji göstəricisinə tələbat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 milyon kVts artıb.

Avqust ayının 10-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” ASC üzrə 72,2 milyon kVts qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub. Avqust ayında ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 500,0 milyon kVts-dır”.

“Azərişıq” abonentlərə xəbərdarlıq edir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır: “İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq. Abonentlərimizdən bir daha xahiş olunur ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər”.

Qurum qeyd edir ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın sıfıra endirilməsi, eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün “Azərişıq” ASC-də yeni layihə olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır: “Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir. İstehlakçılarımız tərəfindən elektrik enerjisinin istifadəsinə dair hər hansısa bir problem olduğu təqdirdə “Azərişıq”ASC-yə məxsus [email protected] elektron poçt ünvanına və ya 199 “Çağrı Mərkəzi”nə müraciət etmələri tövsiyə olunur”.

İqtisadçı Natiq Cəfərli Teleqraf.com-a bildirib ki, havaların isti keçməsi ilə elektrik enerjisinin sərfiyyatının artması bir-birinə bağlı məsələdir: “Bir sıra Avropa ölkələrində də elektrik enerjisi istehlakında maksimum göstəricilər qeydə alındı. Sadəcə ölkəmizdə bu sahədə xidmət göstərən dövlət qurumlarına qarşı inamsızlıq var. İstehlakçılar hesab edir ki, sayğaclar doğru çalışmır, onların mütəmadi sərfiyyatla bağlı şikayətləri olur.

Cari ildə Tarif Şurası elektrik enerjisinin satış qiymətində dəyişiklik etdi. Dəyişiklikdən sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edildi. Bu taarif dəyişikliyinin əhali qrupuna aid olmadığı deyilirdi.

Amma kommersiya müəssisələrinin mal və xidmətlərin qiymətlərin artımına təsir edən bu dəyişiklik birbaşa əhali qrupuna da əhatə edir. Elektrik enerjisinin sərfiyyatı artarkən daha çox ödəniş həcminin yaranmasına səbəb olur. Avqust ayında elektrik enerjisinə tələbatda rekord göstəricinin qeydə alınması mümkündür və normaldır”.

İqtisadçı təklif edir ki, vətəndaşlar üçün inandırıcı bir sistem qurulmalıdır: “Çox vaxt sayğacların düzgün işləyib-işləməməsi ilə bağlı problemlər yaşanır. Dünya artıq daha müasir sayğaclara keçid edib. Telefon vasitəsilə bu sayğacların sərfiyyatına nəzarət etmək imkanları və proqram təminatları yaranıb. Ölkəmizdə nəyə görəsə dövlət qurumları düşünür ki, vətəndaşlar daim onları aldatmağa çalışır, ona görə daha sıx nəzarət etmək lazımdır. Vətəndaş da əksini düşünür ki, dövlət qurumları mütləq onları aldadacaq. Ona görə də sərfiyyatla bağlı rəqəmlərə şübhə ilə yanaşırlar. Bu inamsızlıq həm xidmətin keyfiyyətindən, həm də sayğaclaşma prosesində baş verən problemlərdən doğur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər