28 Sentyabr 2021 16:26
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropada müşahidə edilən enerji böhranı neft daxil olmaqla digər strateji enerji məhsullarının qiymətində artımlara səbəb olub. Mavi qazın qiymətində müşahidə edilən yüksəlişlər fonunda Brent markalı neftin bir bareli artıq 80 dollardan baha təklif olunur. Kömürün də qiyməti Avropa və Asiya bazarlarında son 13 ildə ən baha qiymətə satılır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bir müddət öncə “OPEC+” ölkələri nazirləri gündəlik xam neft hasilatını hər ay 400 min barel artırılmasına qərar verdilər: “Toplantıda 5,8 milyon barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq, neftə tələbin artması müşahidə olunmaqdadır. Neftin qiymətlərində artımlar davamlı olduğu halda “OPEC+” alyansının oktyabrın 4-ə planlaşdırılan görüşündə hasilatın artırılması ilə bağlı qərara dəyişiklik edəcəyi və noyabr ayından etibarən bazara daha çox neft çıxarmağa çalışacağını müzakirə etməsi istisna edilmir”.

Vüqar Bayramovun qənaətincə, neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır: “Bu ilin yanvar-avqust aylarında Azərbaycan 18 milyon 771 min ton həcmində xam neft məhsulları ixrac edib. Bu, 8 milyard 498 milyon dollar dəyərində xam neft ixracatı deməkdir. Həmin müddətdə ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 9,5 % azalsa da, dəyər ifadəsində 25,1 % artıb. Göründüyü kimi, ilk 8 ayda neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, Azərbaycan gündəlik xam neft hasilatının gələn aydan daha 7 min barel artıraraq 640 min barelə çatdıracaq və ixtisarla bağlı öhdəliyin isə 78 min barel həcmində olacaq.

Bu ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 40 dollar nəzərdə tutulsa da, dünya bazarında həm mövcud, həm də ötən dövr üçün orta qiymət daha yüksəkdir. Mövcud qiymət büdcədə nəzərdə tutulan qiymətdən iki dəfə çoxdur. Bu isə Dövlət Neft Fondunun gəlirlərinin artmasına imkan yaradır”.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər