9 Noyabr 2021 18:04
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 5 ildə Azərbaycandan olan investorlar Türkiyəy 2 milyard 928 milyon dollar sərmayə qoyub.

Teleqaf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının hesabatında deyilir.

Bildirilir ki, 2016-2020-ci illərdə qeyri-rezidentlərin Türkiyədəki birbaşa investisiyalarının ümumi məbləği 33 milyard 348 milyon dollara çatıb.

Birbaşa xarici investisiyaların bölgələrə görə bölgüsünə baxıldığında, 21 milyard 526 milyon dollarla Avropa birinci yerdədir. Sözügedən dövrdə avropalıların Türkiyəyə yatırımı ümumi xarici sərmayənin 64,5%-ni təşkil edib.

Sıralamanı 8 milyard 773 milyon dollarla Asiya, 5 milyard 682 milyon dollarla Yaxın və Orta Şərq ölkələri, 2 milyard 496 milyon dollarla Körfəz və 2 milyard 386 milyon dollarla Amerika ölkələri davam etdirib.

Bu dövrdə birbaşa xarici sərmayələrin ölkələr üzrə bölgüsünə baxıldığında, 5 milyard 365 milyon dollarla Hollandiya birinci sırada yer tutub. Bu ölkədən investisiyalar ümumi xarici investisiyaların 16,1 faizini təşkil edib.

İngilis sərmayəçilərinin Türkiyəyə sərmayələri 3 milyard 95 milyon dollar olduğu halda, Azərbaycandan olan investorlar ölkəyə 2 milyard 928 milyon dollar sərmayə qoyub.

Türkiyədə fəaliyyət göstərən xarici sərmayəli şirkətlərin ölkələr üzrə bölgüsü araşdırıldığında bu il ən çox şirkət quranların suriyalılar olduğu görülüb. Ölkədə 12 min 908 Suriya kapitallı şirkət fəaliyyət göstərdiyi halda, Almaniya kapitallı 7 min 667 şirkətin olması diqqət çəkir.

Türkiyədə 6 min 399 İran kapitallı, 3 min 227 Britaniya kapitallı və 3 min 58 şirkət İraq kapitalı ilə fəaliyyət göstərib.

Türkiyədə Azərbaycan kapitallı 2 min 563, Rusiya kapitallı 2 min 404, ABŞ kapitallı 1971 şirkət fəaliyyət göstərir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər