“Gorus-Qafan yolu Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycan Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində gömrük postları və sərhəd prosedurlarını həyata keçirəcək nəzarət-buraxılış məntəqəsi quracaq: “Bununla bağlı məlumatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da təsdiqləyib. Proses bu gündən başlanacaq.
Gorus-Qafan yolu xüsusən də keçmiş SSRİ dövründə regionda daha çox istifadə olunan nəqliyyat layihələrindən biri olub. Bu, sərnişin yükdaşımalarında regional olaraq xüsusi paya malik olub. Bu baxımdan bu, həmçinin regionda kommunikasiyaların bərpası baxımından vacibdir. Çünki kommunikasiyaların bərpası həm də regiona daha çox sərmayənin cəlb edilməsi, eyni zamanda iqtisadi əlaqələrin güclənməsi və xüsusən də region üzərindən daşınan yüklərin həcminin artmasına imkan verəcək.
Nəzərə alaq ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərq-Qərb nəqliyyat dəhlizinin məhz həmin ərazi və region üzrə genişləndirilməsi müşahidə olunacaq. Bu da region üzərindən daşınan yüklərin həcmini artmasına imkan verəcək və daha çox yüklərin Cənubi Qafqaz üzərindən Asiya və Avropaya daşınmasına zəmin yaradacaq”.
Analitik deyib ki, Azərbaycan regionda davamlı iqtisadi inkişaf, dayanıqlı sülh istiqamətində əməkdaşlıq nümayiş etdirib: “Xüsusən də 44 günlük savaşdakı zəfərimizdən sonra regionda formalaşmış reallıq ondan ibarətdir ki, region ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması və sülh müqaviləsi ilə yeni kommunikasiyaların açılması fonunda əməkdaşlıq mərhələsinə qədəm qoymalıdır”.