11 Noyabr 2021 21:21
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədləri müzakirə edərkən bəzi proqnozlar səsləndirib. Nazir son 12 ildə dünya bazarında qida qiymətləri nəzərəçarpacaq dərəcədə artdığını və bunun da ölkəmizə idxal olunan qida məhsullarında və inflyasiyanın səviyyəsində hiss olunduğunu deyib.

“Hətta Azərbaycanda istehsal olunan məhsullar belə ixrac imkanları olduğuna görə inflyasiya təzyiqi yaradır. Təəssüf ki, qiymət siyasətində səhvlər başqa bir təhlükəli nəticəyə - məhsulun, malın qıtlığına və yaxud ümumiyyətlə mövcud olmamasına gətirib çıxarır.

Mən bədbin proqnozlar vermək istəmirəm, amma güman edirəm ki, bu qış bir sıra ölkələrdə bu problemləri görəcəyik. Həmin problem yalnız qida ilə məhdudlaşmayacaq, enerji bazarına və ona oxşar sahələrə təsir edəcək.

Bu o demək deyil ki, bizim əlimizdə alətlər var və biz ondan istifadə etmək istəmirik. Hansı alətlərdən istifadə edə bilirik, etməliyik, o da bizim tam məsuliyyətimizdir. Amma elə amillər var ki, burada seçim pis və daha pis arasındadır. Təbii olaraq, biz ünvanlı dövlət sosial yardımının və digər sosial müdafiə mexanizmlərinin bizi xoşagəlməz vəziyyətlərdən çıxarması üçün istifadə etməliyik" – deyə, nazir qeyd edib.

İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, nazirin irəli sürdüyü tezislərin müəyyən hissəsi hansısa formada reallığı əks etdirir.

O bildirib ki, açıqlamada hökumətin cəhdi hiss olunmaqdadır: “Hökumət bu gün xüsusilə istehlak bazarında baş verənlərin xarici faktorlarla əlaqələndirilməsinə daha çox meyllidir. Bunu bir mesaj kimi də qiymətləndirmək olar ki, gələn il qiymətlərin artımı ilə bağlı daha ciddi təzyiqlər olacaq.

Onsuz da həm istehlak, həm də istehsal qiymətləri indeksinin artımı gözlənilir. Çünki son dövrlərdə həm Azərbaycanda, həm də dünyada istehlak qiymətlərinin indeksi daha kəskin şəkildə artıb. Bazar bunu tam həzm edə bilməyib. Böyük ehtimalla bu proses növbəti və sonrakı illərdə öz həllini tapmalıdır. Əks halda istehsal prosesinin özündə maraq aşağı düşür.

Mənfəət normasının aşağı düşməsi marjinal maraqlar çərçivəsində investisiyanın digər istiqamətlərə yönəlməsinə, son nəticədə təklifin azalmasına gətirib çıxarır. Bütün bunlar hökumətlərin, o cümlədən Azərbaycan hökumətinin diqqət mərkəzində saxlamalı olduğu, eyni zamanda dəstək, təşviq istiqamətində həyata keçirdiyi tədbirlərin mərkəzinə gətirməli olduğu məsələlərdir”.

Rəşad Həsənov hesab edir ki, Azərbaycanda hökumətin əlində olan müəyyən alətlərdən istifadə imkanları bitməyib: “Təbii ki, bəzi ölkələrdə situasiya fərqlidir. Ən əsas bazarın liberallaşdırılması istiqamətində tədbir görmək mümkündür ki, bu da qiymətləri kifayət qədər aşağı salar. Xüsusilə qida, dərman ləvazimatları, o cümlədən gündəlik zəruri tələbat məhsulları istiqamətində rüsumlar 15 faiz ətrafında artıb. Bu yüksək qiymətlərin azaldılması və yaxud da müəyyən dövr üçün ləğv edilməsi mümkündür. Düşünmürəm ki, hökumət əlində olan bütün alətləri istifadə edib.

Bundan əlavə, sosial müdafiə tədbirləri daha əhatəli və real olmalıdır. Yaşayış minimumu, istehlak zənbilinin strukturu və real dəyəri, ehtiyac meyarının səviyyəsi, minimum pensiya həddi, minimum əməkhaqqı səviyyəsi yenidən nəzərdən keçirilməli və reallığa uyğunlaşdırılmalıdır. Nəticədə xalq qlobal səviyyədə, eyni zamanda daxili bazarlarda baş verən proseslərin təsirindən ciddi yoxsullaşmasın”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər