22 Noyabr 2021 16:55
5 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür ki, İrandan Naxçıvan Muxtar Respublikaya çatdırılan təbii qazın verilişi dayandırılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, bu səbəbdən də bütün dövlət müəssisələrinin, idarə və təşkilatların (xəstəxana, uşaq bağçaları, məktəblər, dövlət idarələri) və bəzi bina evlərinin istilik sistemi söndürülüb. Sonradan əhaliyə verilən təbii qazın isə ehtiyat anbarlardan nəql edildiyi bildirilir.

Naxçıvandan əldə etdiyimiz məlumatda da faktı təsdiqlənib. Bildirilir ki, bir neçə gündür əhaliyə verilən qazın təzyiqində kəskin azalma müşahidə olunub. Səbəbini bildirməsələr də, problem bir neçə gün davam edib. Mənbənin sözlərinə görə, hazırda təbii qazın verilişində problem yoxdur.

Naxçıvan qaz istismarı xidmətinin əməkdaşı Elçin Mənsurov Teleqraf.com-a faktı təsdiqləyib. Amma o, təbii qazın verilişində cüzi fərqlər olduğunu deyib: “Qazın verilişi tam dayandırılmamışdı, sadəcə qazın təzyiqin azaldılmışdı. Artıq problem həll olunub. Azalma bir və ya bir gün yarım davam etdi”.

Məhdudiyyətin İrandan qaynaqlanmasına gəlincə, xidmətinin əməkdaşı texniki səbəb göstərildiyini bildirib: “Problem çox cüzi çəkdi. Artıq dünən səhər saatlarından qazın həcmi tam verilib. Demək olar ki, artıq problem yoxdur”.

Maraqlıdır, Milli Məclisdə Naxçıvanı təmsil edən deputatlar sözügedən məhdudiyyətdən xəbərdardırmı? Təbii qazın kəsilməsi nə ilə bağlıdır?

Şərur rayonunun deputatı İsa Həbibbəyli və 4 saylı Naxçıvan şəhər seçki dairəsinin təmsilçisi Eldar İbrahimov məsələdən xəbərsiz olduqlarını deyiblər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər