2021-ci ildə dünya əhalisinin ən zəngin 10 faizi bütün sərvətlərin 76 faizinə, ən yoxsul 50 faizi isə sərvətin yalnız 2 faizinə sahibdir.
Teleqraf.com xəbər verir ki, bu, məşhur fransız iqtisadçı Tomas Pikettinin rəhbərlik etdiyi Qlobal Bərabərsizlik Laboratoriyasının hazırladığı hesabatda yer alıb.
Hesabata görə, 2021-ci ildə qlobal bərabərsizlik artıb. Təxminən 2 min 750 milyarder dünya sərvətinin 3,5 faizinə nəzarət edir. Həmçinin, planetin ən yoxsul 50 faizi bütün sərvətin təxminən 2 faizinə sahibdir. Dünya əhalisinin ən zəngin 10 faizi bütün sərvətin 76 faizinə sahibdir.
Bundan əlavə, ən zəngin 1 faiz Avropada ümumi sərvətin dörddə birinə, Şimali Amerikada 35 faizinə, Cənubi Amerikada 46 faizinə, Yaxın Şərq və Şimali Afrikada 44,5 faizinə, Rusiya və Mərkəzi Asiyada 45,9 faizinə sahibdir.
Məlumata görə, ən zəngin 1 faiz 1990-cı illərin ortalarından bəri toplanmış bütün əlavə sərvətin 38 faizinə sahib olub. 2020-ci ildən bu tendensiya daha da sürətlənib. Hesabata görə, bütün regionlarda sərvət bərabərsizliyi son dərəcə yüksək həddə çatıb.