Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ölkədə elektron ticarətin də genişlənməsinə səbəb olub. Hazırda bu sahədə bir neçə sayt uğurlu şəkildə fəaliyyət göstərməkdədir.
Teleqraf.com xəbər verir ki, Azərbaycanda da “Facebook” istifadəçilərinin sayı kifayət qədər yüksəkdir. Bu baxımdan sosial şəbəkələrdəki böyük alıcı qüvvəsini nəzərə alan e-ticarət şəbəkəsini quran insanlar özlərinin biznes ideyalarını sözügedən istiqamətə də yönəltməklə vəsait əldə edirlər.
Amma bu zaman insanları düşündürən ən başlıca məsələlərdən biri də vergilərdir. Azərbaycan vətəndaşı sosial şəbəkələr üzərindən sifariş qəbul edərsə və bununla əlaqədar gəlir əldə edərsə, bu zaman hansı vergiləri ödəməlidir?
Vergilər Nazirliyi qeyd edir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ilk növbədə sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.
“Təsərrüfat subyektini (obyektini) uçota qoymalı və həmin obyektdə göstəriləcək fəaliyyət növünə uyğun olaraq nəzarət-kassa aparatının tətbiq edilməsi nəzərdə tutulduğu halda, nəzarət-kassa aparatını qeydiyyata qoymalı, seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergiləri (sadələşdirilmiş, gəlir, ƏDV və s.) hesablayıb dövlət büdcəsinə ödəməli və bəyannamələri vergi orqanına təqdim etməlidir” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Vergi Məcəlləsinin 13.2.37-ci (sahibkarlıq fəaliyyəti anlayışı) "Elektron ticarət haqqında" Qanununa əsasən tənzimlənir.
İLHAMƏ