17 Yanvar 2022 15:36
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bundan sonra pensiyalar artmayacaq, amma indeksləşdiriləcək. İndeksləşdirmə artım deyil, dəyərsizləşən pul vəsaitinin kompensasiyasıdır. Azərbaycan qanunvericiliyi ilə hər növbəti ilin fevral ayında əmək pensiyaları ötən ilin orta aylıq nominal əmək haqqının ondan əvvəlki illə müqayisədə artımına uyğun olaraq indeksləşdirilir”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

Maraqlıdır, bəs indeksləşdirmə faizi nə qədər olacaq?

İqtisadçı deyir ki, bu faiz hələ açıqlanmayıb: “Dövlət Statistika Komitəsinin açıqlamasından məlum olan budur ki, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat olub. Göründüyü kimi 11 aylıq göstərici 2,9 faizdir, 12-ci ayın göstəricisi də əlavə olunanda və ya çıxılanda 2021-ci il üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətdə artım faizi bəlli olacaq. Bunun əsasında əmək pensiyalarının təxminən 90 faizi indeksləşdiriləcək.

Göründüyü kimi indeksləşdirmə 3 faiz ətrafında təxmin edilə bilər. Belə olanda da əvvələr 240 manatdan çox pensiya alanların pensiyası da 3 faiz ətrafında indeksləşdiriləcək. Belə olarsa, onda 250 manat pensiya alanlar 257,5 manat, 300 manat pensiya alanlar 309 manat, 350 manat pensiya alanlar 360,5 manat, 400 manat pensiya alanlar 412 manat alacaq. Amma bir az də səbr edib yekun məlumatı gözləmək lazımdır. Mənim hesablamam hələ ki, təxminlər əsasındadır”.

Qubad İbadoğlunun sözlərinə görə, əgər kimlərinsə pensiyası minimum pensiya məbləğinin 240 manata çatdırılması ilə əlaqədar olaraq ötən illə müqayisədə təxminən 7 manatdan çox artıbsa, indeksləşdirmə onlara şamil olunmayacaq.


Müəllif: Yeganə Oqtayqızı