Dünyanın ən böyük taxıl ixracatçılarından olan Ukraynada müharibənin iqtisadi təsirləri bütün dünyada hiss oluna bilər.
Teleqraf.com xəbər verir ki, bu fikirlər ABŞ-ın aparıcı qəzeti olan “Vashinqton Post”da dərc olunmuş məqalədə yer alıb.
Qəzet Ukraynanın dünyada ən mühüm taxıl istehsalçılarından biri olduğuna diqqət çəkərək, işğalın Şərqi Avropanın hüdudlarından kənarda sosial iğtişaşlara gətirəcəyini yazır. Xəbərə görə, dünyanın 4-cü ən böyük buğda və qarğıdalı tədarükçüsü olan Ukraynada taxıl ixracının təsiri onsuz da qlobal səviyyədə yüksək olan ərzaq inflyasiyasının artmasına səbəb ola bilər.
Bundan başqa, Rusiyaya qarşı sanksiyalar bu ölkədən Qərbi Avropa və Çinə yanacaq, kənd təsərrüfatı məhsulları və metalların ixracına mane ola bilər. Nəticədə bütün bu məhsulların qiymətləri sürətlə arta və qlobal təchizat zəncirlərində ciddi problemlər yaranar.
Son illər taxıl istehsalını artıran Ukraynadan ərzaq məhsulları idxal edən ölkələr arasında Yaxın Şərq və Afrika ölkələri liderlik edir. Qiymətlərin daha da artması, əsasən inkişaf etməmiş və ya inkişaf etməkdə olan regionlarda ərzaq böhranını dərinləşdirəcək.
Hesab olunur ki, Ukraynadan taxıl ixracının dayandırılması qlobal ərzaq təhlükəsizliyi baxımından ən böyük risk olacaq.