10 Fevral 2022 11:25
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraqda elektrik xidmətindəki çatışmazlıqların aradan qaldırılması üçün Türkiyədən dəstək alınacaq. Yaxın zamanda Türkiyədən 500 meqavat elektrik idxal edəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu İraq elektrik naziri səlahiyyətlərini icra edən Adil Kərim deyib.

Nazir İraqda adekvat elektrik xidmətinin təmin edilməsi üçün Qətərdən qaz alımı ilə bağlı danışıqların davam etdiyini bildirib: “İmkan olarsa, Qətərdən qaz alımı məsələsi 1 il-15 ay ərzində tamamlanacaq. Səudiyyə Ərəbistanı ilə də enerji (elektrik) müqaviləsi imzalamışıq. Səudiyyədən alacağımız elektrik enerjisinin miqdarı 500 meqavatdır, sonra bu həcm 1000 meqavata qədər artırılacaq”.

Adil Kərim qeyd edib ki, İran qazının çatışmazlığı elektrik enerjisinin kəsilməsini artırır: “Hazırda İrandan 8 milyon kubmetr qaz gəlir və bu, elektrik enerjisi istehsalı üçün yetərli deyil. İrandan gələn qaz problemini həll etmək üçün nazirliyin nümayəndə heyəti yaxın vaxtlarda Tehrana gedəcək. İraqın İrana 1 milyard 692 milyon dollar borcu var. İran qazının İraqa illik dəyəri 4 milyard dollardan azdır. Biz keçən yay İrandan 1 meqavat belə almamışıq”.

Qeyd edək ki, İraq uzun illərdir elektrik enerjisi çatışmazlığı ilə mübarizə aparır. Ölkənin bir çox yerlərində gündə orta hesabla cəmi 3-5 saat elektrik enerjisi verilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər