Azərbaycan Xarici İşlər Nazirliyində aparılan nəzarət tədbirləri nəticəsində dövlət büdcəsində dəftərxana və təsərrüfat mallarının alınması üçün nəzərdə tutulmuş vəsaitin satıcı təşkilatların hesablarına köçürülməsinə baxmayaraq, həmin malların, habelə mətbəə blanklarının bir hissəsinin faktiki olaraq alınmadığı aşkar olunub.
Teleqraf.com xəbər verir ki, məlumat Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin hesabatında yer alıb.
Qeyd olunur ki, həmçinin, sözügedən Nazirlikdə istifadə olunan kompüter avadanlığı və texniki vasitələr üçün ehtiyat hissələrinin, habelə hədiyyə və suvenirlərin alınması məqsədilə köçürülmüş vəsaitin müqabilində həmin material qiymətlilərinin xeyli hissəsinin faktiki olaraq alınmadığı, bankdan çıxarılaraq Nazirliyin kassasına mədaxil edilən büdcə vəsaitinin bir hissəsinin xərclənməsinə dair sənəd olmadığı halda isə məxaric edilməsi yolu ilə əsassız xərcləndiyi müəyyənləşib.
Qeyd edək ki, hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barədə tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.