28 Fevral 2022 13:55
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb ölkələrinin yeni sanksiyaları fonunda Rusiya rublu ciddi şəkildə dəyərsizləşib. Rusiya valyutası ABŞ puluna nisbətən psixoloji həddi keçərək 1 dollar 105 rubl məzənnəsinədək ucuzlaşıb. Görünən odur ki, müharibə davam edərsə və sanksiyalar genişlənərsə, bu, rubl üçün sonuncu dayanacaq olmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq: “Artıq demək olar, bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə Rusiyanın bank sektoru üçün ciddi neqativ nəticələrə səbəb ola bilər.

Rusiyanı SWİFT-dən uzaqlaşdırmaqla bağlı qərardan sonra bu ölkənin maliyyə sektoru sanksiyalara daha kəskin reaksiya verməkdədir. Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə, bu, rublu ciddi silkələyə bilər”.

Vüqar Bayramovun sözlərinə görə, savaşın başlamasından 5 gün keçməsinə baxmayaraq Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına artıq ciddi təsirlər göstərib: “Görünən odur ki, bu müharibə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək. Artıq rusiyalı 2 milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanmaqdadır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər