31 Mart 2022 12:49
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın taxıl anbarları kimi bilinən Rusiya və Ukrayna arasında gedən müharibə pandemiya ilə sarsılan bazarları iflic vəziyyətinə salıb. İki ölkə arasında davam edən müharibə qlobal ərzaq təhlükəsizliyini təhdid edir.

Məlumat üçün bildirək ki, dünyadakı buğda istehsalının 30%-i Rusiya və Ukraynanın payına düşür. Dünyada ticarət edilən qida kalorilərinin ən azı 12 faizi Ukrayna böhranından zərər çəkmiş Qara dəniz regionundan ixrac olunur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Ukrayna dünyanın ən münbit torpaqlarının üçdə birinə sahibdir və ixracının 45 faizi kənd təsərrüfatı ilə bağlıdır.

Günəbaxan yağı, arpa, qarğıdalı, buğda və quş əti üzrə dünyanın aparıcı ixracatçıları arasındadır.

Lakin münaqişə zamanı Ukraynanın infrastrukturuna və avadanlıqlarına ciddi ziyan dəyib, fermerlər tarlaları tərk edir. Ehtimal olunur ki, növbəti taxıl yığımında məhsuldarlıq kəskin aşağı düşəcək.

Martın əvvəlində Moskva administrasiyası daxili böhranın qarşısını almaq üçün taxıl və digər ərzaq məhsullarının ixracına qadağa qoyub. Təhlilçilərin fikrincə, Rusiyaya qarşı sanksiyalar bumeranq effekti verəcək və əgər müharibə uzanarsa, aclıq qaçılmaz olacaq.

Maraqlıdır, Azərbaycanda buğda qıtlığı yarana bilərmi? Ümumiyyətlə, Azərbaycan taxıl idxalında alternativ təchizatçılar tapmalıdırmı?

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a mövcud vəziyyəti şərh edib.

O bildirib ki, Azərbaycanın illik taxıl ehtiyacı təqribən 3.4-3.5 milyon tondur: “Ölkəmizin daxili istehsalı təqribən 1.8-1.9 milyon tondur. İllik idxal 1.4-1.5 milyon ton arasında dəyişilir. Kəsirlə əlaqədar olaraq 2021-ci ildə Azərbaycana 1 milyon 148,1 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin göstəricisindən 15,9% azdır.

İdxalın əhəmiyyətli hissəsini ərzaq buğdası təşkil edir. Ölkə daxilində istehsal olunan buğdanın böyük hissəsi qida üçün yararlı deyil, əsasən heyvandarlıqda istifadə olunur. Burada təbii iqlim şərtləri əsas rol oynayır. Yaz aylarında havanın sürətlə isinməsi buğdanın yetişmə müddətini qısaldır, nəticədə keyfiyyətli buğda əmələ gəlmir. Yəni yerli istehsal olunan buğdanın keyfiyyətini artırmaq mümkün də deyil.

Azərbaycan taxıla olan ehtiyacının əhəmiyyətli hissəsini Ukraynadan, Rusiyadan və Qazaxıstan idxalı edir. Ötən il ölkəmiz 1.44 milyon ton ərzaq buğdası idxal edib. Bunun da 790-800 min tonu, təxminən 55%-i Rusiyanın payına düşüb. Başqa sözlə, Azərbaycanın buğda idxalında Rusiyanın böyük önəmi var”.

Analitik BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna istinadən deyir ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar sahələrdə taxıl yığımı 20-30 faiz aşağı düşəcək: “Müharibə amili, yükdaşımaların olmaması Ukraynanı dünya taxıl bazarından çıxarır.

Ukrayna dünya bazarına təxminən 8 faiz taxıl ixrac edir. Bu, çox əhəmiyyətli rəqəmdir. Çin, Hindistan çox taxıl istehsal etsələr də, ancaq əhalisinin ehtiyacına görə ixrac potensialı aşağıdır. Rusiya dünya taxıl bazarına ixracda 17-18 faiz paya sahibdir. Hasilata baxanda Çinlə Hindistan ilk üçlükdə qərarlaşıb, ixracatda isə heç ilk 15-liyə düşə bilmir. Çünki yığdığı taxıl ehtiyatlarını özləri istehlak edir”.

Xalid Kərimli hesab edir ki, Ukraynanın bazardan kənarda qalması, Rusiyanın rüsumlar tətbiq etməsi, məhdudiyyətlər qoyması ümumi taxıl bazarında qiymətləri artırır: “Azərbaycanın 8-9 aylıq taxıl ehtiyatı var. Yəni Dövlət Taxıl Fondunda təqribən 700-800 min ton taxıl ehtiyatı formalaşıb. Qısamüddətli taxıl qıtlığı olacaq deyə bir anlayışı yoxdur, amma yanvarın 1-dən subsidiyaların ləğvi, dünya bazarındakı qiymətləri həssas edib. Dünya bazarında baş verən qiymət dəyişiklikləri tədricən ölkə bazarında da öz əksini tapacaq.

Qazaxıstan Azərbaycan üçün alternativ taxıl bazarı sayıla bilməz. Çünki bu, o qədər asan deyil. Qazaxıstan əkmədiyi 2022-ci ilin buğdasını fyuçerslərini də satıb. Braziliyadan və digər ölkələrdən də taxıl idxal etmək olar, amma bu, qiymətlərin həddən artıq artmasına səbəb ola bilər. Aydın məsələdir ki, Azərbaycan Rusiyadan, Ukraynadan taxılı daşıma xərcləri ucuz başa gəldiyi üçün alırdı. Yəni keyfiyyətə və qiymətə görə, hər iki ölkə Azərbaycan üçün əlverişli sayılırdı.

Baş verən kataklizmlər qiymət artımı şəklində Azərbaycana mənfi təsir göstərəcək, bundan yayınmaq olmayacaq. Qiymət artımı baş versə də, ölkəmizdə taxıl qıtlığı olmayacaq. Proses iqtisadi faktorlardan daha çox, müharibənin gedişatından asılı olaraq dəyişəcək”.


Müəllif: Yeganə Oqtayqızı