2 Aprel 2022 21:13
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi Qafqazda sülhün formalaşması və xüsusən də Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin imzalanması bütövlükdə regionun inkişafı baxımından vacibdir. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan bu məsələdə onu əbədi gözləmək mövqeyi tutmaq niyyətində deyil”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat Azərbaycanın Ermənstanla sülh müqaviləsini imzalanması ilə bağlı 5 təklif irəli sürdüyünə diqqət çəkib: “Həmin təkliflər beynəlxalq hüququn və BMT-nin konvensiya və prinsiplərinə də uyğundur. Əslində sülh müqaviləsinin imzalanması Ermənistanın bu gün üzləşdiyi ağır iqtisadi və sosial vəziyyətin yumşalmasına gətirib çıxara bilər. Yeni dünya düzəni fonunda bütövlükdə regiona marağın artması müşahidə olunur. Bu, bir tərəfdən regional layihələrdə iştirak imkanı deməkdir, digər tərəfdən isə region üçün yeni iqtisadi imkanların yaranması anlamına gəlir.

Kommunikasiyaların bərpası, həm də beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyanı sürətləndirir. Ermənistan Zəngəzur dəhlizinin reallaşmasını yubatmaqla regionda yeni düzən fonunda yaranan dividentlərdən özünü məhrum edir. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi region üzərindən yükdaşımaların artması və region ölkələrinə daha çox valyuta gəliri deməkdir. Təbii ki, Ermənistan bu prosesdə iştirak etmədiyi halda məhz həmin dividetlərdən məhrum olmuş olacaq”.

Vüqar Bayramov Ermənistanın sülh prosesini ləngitməklə kənarda qaldığı layihələrə və itirdiklərinə də diqqət çəkib: “Son 30 il göstərir ki, Ermənistanın işğalçı siyasəti, revanşist mövqeyi öz iqtisadiyyatı üçün problemlər yaradıb. Nəticə etibarilə Ermənistan beynəlxalq və regional layihələrdən kənarda qalıb. İndi də Ermənistanın bu siyasətini davam etdirməsi ölkə iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Ona görə də Ermənistan rəhbərliyi tarixə bir daha nəzər salmalı və başa düşməlidir ki, Azərbaycanın rasional təkliflərindən imtina siyasəti onun hansı dividendlərdən məhrum edib. Ermənistanın inkişafı birbaşa sülh danışıqlarının nəticəsindən və regionda dayanıqlı sülhün formalaşmasından asılıdır.

Azərbaycan növbəti və uzunmüddətli dövrdə iqtisadi inkişafını davam etdirmək potensialına malikdir. Bunula bağlı hər hansı bir çətinlik yoxdur. Amma bütövlükdə regionun və bu gün bir sıra hallarda revanşist meyllər nümayiş etdirən Ermənistanın da iqtisadi problemlərdən qurtulması, həm də regionda dayanıqlı sülhün formalaşmasından asılı olacaq.

Vaxtilə Ermənistan işğal siyasətindən əl çəkib, Azərbaycanla münasibətlərini normallaşdırıb BTC-nın öz ərazisindən keçməsinə nail olsaydı, çox böyük maliyyə və iqtisadi dividendlər əldə edə bilərdi. Lakin ölkə bu şansı əldən buraxdı. İndi də Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa imkan verə bilərdi. Ermənistanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qaldı”.


Müəllif: Yeganə Oqtayqızı