27 May 2022 09:05
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Prezident İlham Əliyev "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın təsdiqlənməsi ilə bağlı fərman imzaladı.

Fərmanla Azərbaycanda fiziki şəxslərin müxtəlif binalardan əldə etdikləri daşınmaz əmlaklara görə ödənilmiş əlavə dəyər vergisinin 30%-i geri qaytarılacaq.

Qaydaya əsasən, geri ödəniş nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə həyata keçirilir.

ƏDV alıcının bank hesabına köçürülür.

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlakın tam dəyəri ödənildikdən sonra qaytarılır.

Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və yaxud qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və yaxud qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və yaxud qeyri-yaşayış sahəsi əsas götürülür.

Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.

Maraqlıdır, fərmanın mənfi və müsbət tərəfləri nədir, yeni qaydalar əmlak bazarında nəyi stimullaşdıracaq?

NBA Konsaltinq şirkətinin rəhbəri, daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli Teleqraf.com-a fərmanı şərh edib.

O bildirib ki, fərmanın müsbət tərəfi daha çoxdur: “Qərar ilk növbədə tikinti bazarında şəffaflığı təmin edəcək. Çünki alıcı tikinti şirkətindən rəsmi hesab fakturası verməyi tələb edəcək ki, ödəniş rəsmi bank vasitəsi ilə olsun. Bu, şəffaflığın təmin olunmasına xidmət edən bir fərmandır. Tikinti şirkəti də məcbur olacaq ki, bütün əməliyyatları bank vasitəsi ilə şəffaf şəkildə aparsın. Alıcı da pullarını bankda saxlayıb rəsmi ödənişi də elə bank vasitəsi ilə edəcək.

Son nəticədə bu tədbirlərin hamısı iqtisadiyyatın, xüsusən də tikinti sektorunda şəffaflığın təmin olunmasına, büdcə ödənişlərinin tam həcmdə həyata keçirilməsinə yönələcək. Bütün bunları fərmanın müsbət tərəfi hesab etmək olar”.

Bununla belə, ekspert qeyd edib ki, bəzi şirkətlər ƏDV-dən yayınaraq bazarda üç dəfə ucuz qiymət siyasəti aparırlar: “Həmin şirkətlər bu yolu mənzil və obyektləri tez sata bilmək üçün seçirlər. Həmçinin öz maliyyə problemlərini qısa müddətdə həll etmək istəyirlər. Amma fərman qüvvəyə mindiyi halda bu mümkün olmur, şirkət məcbur olub ƏDV-ni də hesablayır. Təbii ki, bu da az da olsa, qiymət artımına gətirib çıxara bilər. İstənilən halda məsələnin müsbət tərəfi mənfi tərəfin dəfələrlə üstələyir. Yəni biz qısa müddətdə mənfini görəcəyik, amma uzunmüddətli perspektivdə demək olar ki, bunun hamısı müsbət ola bilər”.

Nüsrət İbrahimli nümunə də çəkib: “Tutaq ki, 70 min manatlıq mənzil alınır. Bunun 18 faizi ƏDV-dir. Bank vasitəsi ilə köçürülən rəsmi maliyyə sənədləri olduğu halda 18 faiz ƏDV-nin də 30 faizi alıcıya qaytarılacaq. Təxminən hər 100 manata 5 manatdan bir qədər artıq vəsait alıcıya qaytarılır.

Prezident fərmanda nəzarət mexanizmini müvafiq qurumlara həvalə edib. Həmin qurumlar yeni qayda və şərtlərin işlək mexanizmini tapacaqlar”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə bildirib ki, sənədlə fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış əmlaka görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq hazırlanıb:

“ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyr-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur. Qeyd edim ki, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsi ilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək.

Qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq”.

Deputat qeyd edib ki, ƏDV əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır: “Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.

Qaydalara əsasən, alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək.

Mütənasib ödənilmiş ƏDV-yə hesablanmanın mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır.

Məsələn, 600 min kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə, bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 000 manatlıq hissəsinin ƏDV-si hesablanır (18.0 %) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır”.


Müəllif: Yeganə Oqtayqızı